BAKI, 4 aprel - Sputnik. Milli Məclisin iclasında İ.İ.Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələ daxil edilib.
Əli Hüseynli İnam Kərimovun yüksək hüquqi təhsilə Azərbaycanın və Avropanın aparıcı universitetlərində yiyələnməsi barədə məlumat verib, onun hüquqşünas alim kimi elmi fəaliyyətindən və dövlətçiliyə xidmətlərindən danışıb.
Birinci vitse-spiker qeyd edib ki, İnam Kərimov Azərbaycanda dövlət xidmətlərində şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması sahəsində ciddi dönüş yaradan və dünyada Azərbaycan brendi kimi tanınan "ASAN xidmət"in ilk rəhbəri olub. O, 2018-ci ildən nazir vəzifəsində çalışmaqla, həmçinin publik hüquqi və inzibati hüquqi vəzifələri icra edib.
Birinci vitse-spiker İnam Kərimovun bundan sonra da bir hüquqşünas alim kimi bilik və bacarığını digər hakimiyyət qolunda – Ali Məhkəmədə fəaliyyəti dövründə tətbiq edəcəyinə və Azərbaycanda ədalət mühakiməsinin effektiv və şəffaf həyata keçirilməsinə öz töhfəsini verəcəyinə inamını bildirib.
Məsələ səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir.