BAKI, 4 aprel — Sputnik. Yaranan müsbət qarşılıqlı asılılıq münasibətləri Moskva və Pekini qane etməyə bilməz.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "aif.ru" saytına müsahibəsində deyib.
İndi Rusiyanı Çindən asılılıqla bağlı xəbərdar etməyə çalışan həmin Qərb siyasətçilərinə və ekspertlərinə gəlincə, rusiyalı nazir onlara belə cavab verib: "Məsləhət üçün təşəkkür edirəm, lakin biz öz ağlımızla düşünəcəyik".
"Rusiya-Çin münasibətlərinin xəyali "asılılığı" və "bərabərsizliyi" məsələsi uzun müddətdir ki, əsasən dost olmayan ölkələrdə şişirtməklə müzakirə olunur. Bu mövzu Çin sədri Si Cinpinin Moskvaya son səfərindən sonra bəzi "ekspertlər" tərəfindən yenidən gündəmə gətirilib. Biz bunu uğurlarımıza kölgə salmaq, Moskva ilə Pekin dostluğuna zərbə vurmaq cəhdi kimi görürük. Bu fikirlər asanlıqla nəzərdən keçirilir, standart yanaşmalar isə, necə deyərlər, metodikaya görə, artıq darıxdırıcı olub və heç kimi narahat etmir", - deyə Lavrov qeyd edib.
O xatırladıb ki, Rusiya enerji resurslarının Avropaya tədarükünün zirvəsində nədənsə Qərb analitiklərinin heç biri Rusiyanı Aİ-dən asılılıqla bağlı qorxutmayıb.
"Əksinə, ABŞ Avropaya öz şist nefti və qazını təklif edərək onların ölkəmizdən karbohidrogen tədarükünə yönəlməməsi barədə xəbərdarlıq edib. İndi biz ixracı Asiyaya yönləndirdiyimiz zaman birdən-birə onlar bizim qayğımıza qalmaq və Çindən asılılıqla bağlı "dostcasına" xəbərdarlıq etmək qərarına gəliblər. Məsləhət üçün təşəkkür edirəm, lakin biz öz ağlımızla düşünəcəyik, yalnız milli maraqlara və çinli dostların etibarlı, zamanla sınanmış və real əməllərinə arxalanacağıq", - deyə rusiyalı nazir bildirib.
"Biz Çinlə ticarət və iqtisadiyyat sahəsində müsbət qarşılıqlı asılılıq münasibətləri formalaşdırmışıq və işimizin belə nəticəsi bizi qane etməyə bilməz", - deyə Lavrov vurğulayıb.
Bu yaxınlarda Sergey Lavrov bildirib ki, Avropa İttifaqı Rusiyanı itirməkdə özü günahkardır. O, həmçinin Moskvanın lazımi nəticələr çıxardığını da vurğulayıb.
Bundan əlavə, o, Rusiyanın maraqlarını çiyin-çiyinə kiminlə müdafiə etməyə hazır olduğunu da bildirib.