BAKI, 4 aprel - Sputnik. "Deputat Fazil Mustafaya qarşı törədilən terror aktını kəskin şəkildə qınayırıq".
Bu fikirləri Milli Məclisin komitə sədri Qənirə Paşayeva parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, bu işdə əli olanların cəzalarını alması istiqamətində aidiyyəti qurumların gördüyü işlər dəstəklənir:
"Əminik ki, bu kimi terror işində əli və vasitəçiliyi olan, eləcə də bütün bu sistemlə əməkdaşlığı olanlar layiqli cəzasını alacaq. Deputata atılan güllə dövlətimizə və xalqımıza qarşı atılan güllədir. Bunu hər kəs belə qəbul etməlidir. Hər bir azərbaycanlı öz dövlətinin yanında olmalı və hamı bilməlidir ki, xaricdən idarə olunan bu şəbəkələrin məqsədləri və maraqları nədən ibarətdir".
Q.Paşayeva bildirib ki, terroru törədənlərin arxasında gizlənənlər Azərbaycan dövlətini və xalqını bununla qorxuda və ya təhdid edə bilməz: "Azərbaycan güclü dövlətdir. Dövlətimiz, xalqımız nəyin nə olduğunun yaxşı fərqindədir və terror hadisələrinin qarşısını almaq üçün bütün lazımi addımları atacaq".
Deputat Bəhruz Məhərrəmov da deyib ki, deputat həmkarımız Fazil Mustafaya qarşı terror hücumu bütövlükdə Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanlarının nəyəsə məcbur edilməsinə hesablanmış addım idi. Amma Azərbaycan sabit, əməliyyat şəraiti dövlətin nəzarətində olan, ictimai qayda, ictimai təhlükəsizlik tam təmin olunmuş bir ölkədir.
"Prezident İlham Əliyev uzunmüddətli fəaliyyət və nəhayət 44 günlük savaşla elə bir geosiyasi konfiqurasiya yaradıb ki, bu bölgədə proseslərin ümumi gedişatını Azərbaycan müəyyən edir. Bu kimi terror aktları, bu terrorun ardınca ölkə daxilində xəyanətkar bağırışmalar nəyisə dəyişə bilməz", - deyə deputat qeyd edib.
Deputat Əli Məsimli həmkarı F.Mustafaya qarşı edilən terror aktının iyrənc olduğunu bildirib:
"Ona qarşı edilən bu hücum deputatın timsalında Azərbaycan dövlətinə qarşı yönələn addımdır və bunu qətiyyətlə pisləyirik. Onlar bu hərəkətləri ilə xalqımız arasında xof yaratmaq, guya ölkəmizdə təhlükəsizlik məsələlərinin zəif olması təəssüratı yaratmaq istəyirdilər. Lakin onların bu istəyi əks effekt verdi. Aidiyyəti güc strukturları qısa zamanda peşəkarlıqlarını yüksək səviyyədə yerinə yetirməklə həmin şəxsləri ifşa etməyə nail oldu. Güman edirik ki, onların bu istiqamətdə gördükləri iş həmin şəbəkələrin axırına çıxana qədər davam edəcək".
Hacı Şahinin müəmmalı ölümü, paytaxtda baş verənlər eyni mənbədən qaynaqlanır
Milli Məclisin komitə sədri Zahid Oruc Fazil Mustafaya qarşı silahlı hücumla Hacı Şahinin müəmmalı ölümü və Bakıda baş verən digər cinayətlərin eyni mənbədən qaynaqlandığı qənbaətindədir:
“Dəyərli millət adamı Fazil Mustafaya qarşı silahlı hücuma Milli Məclis hüquqi-siyasi qiymət verir, sifarişçiləri və təşkilatçıları ifşa edilən qəsdin məhz terror aktı olduğunu təsdiqləyir. Martın 2-si Hacı Şahinin müəmmalı ölümü, martın 4-ü hipermarketə hücum, martın 9-u Bakıda silahlı atışma və martın 28-i millət vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir. Terrorun silahı nə olursa-olsun - tapança, avtomat, yoxsa, bomba, onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xof və panika ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir”.
Zaid Oruc Fazil Mustafaya qarşı terrorun Ramazan ayında baş verməsini sifarişçilərin İslama, etiqadlı insanlara, müsəlmanlara münasibətinin göstəricisi olduğunu deyib:
"Əslində terrorçuların dini və milli mənsubiyyəti yoxdur, onların hədəfi təkcə dövlət, xalq və fərdlər deyil, həm də müqəddəs kitablardır. Son aktı törədənlər Danimarka və Niderlandda Quran kitabını yandıranlardan fərqlənmirlər. Orucluq ayında iftardan çıxan inanclı bir adama qarşı terror aktı törədənlər Zori Balayanla, Yaxın Şərqdə din bayrağı altında edamlar həyata keçirən İŞİD-lə eyni səngərdədirlər. Ona görə də silahlı dindarları, İslam tarixində yüksək mərtəbə tutan İmam Hüseyn adına terror təşkilatı yaradanları həqiqi inanclı adamlar, bütün konfessiyaların təmsilçiləri pisləməli, terroru hamı lənətləməlidir. Bəli, İranın casus şəbəkəsi ifşa edilir, lakin Azərbaycan dövləti yüzlərlə vətəndaşımızı müxtəlif yollarla öz caynağına alan qüvvələrin şərindən qorumaq üçün qazandığı qələbəni, əldə etdiyi hərbi strateji yüksəklikləri daha da möhkəmləndirəcək”.
Deputat əlavə edib ki, terror və ekstremizm elan edilməmiş müharibə olduğu üçün əsas sifarişçiləri, icraçıları, maliyyə mənbələri gizli cəbhədə savaşır. Lakin Azərbaycan dövləti son 30 ildə terrora qarşı mütəşəkkillik məktəbi keçib, immunitet qazanıb və həyata keçirilən qəsdlərin arxasında dayanan paytaxtları və qüvvələri yaxşı görür, onları 44 günlük müharibədəki kimi öz ordu, dövlət və xalq birliyi ilə məğlub edib.
Xatırladaq ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 "Z" ünvanında "Kalaşnikov" konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətinin məlumatında deyilib.
Qeyd edilib ki, terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.
"Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.