CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azyaşlılara qarşı cinsi zorakılıq ağır cinayət hesab edilməlidir - Hüquqşünasların rəyi

Vəkil zor tətbiq etmədən cinsi xarakterli hərəkətlərə görə 16 yaşına çatmayan zərərvurmuş şəxsə qarşı cəzanın ən azı 5 il olmasını təklif edir.
Sputnik
BAKI, 4 aprel — Sputnik. "Təəsüflər olsun ki, cəmiyyətdə müəyyən əxlaqi dəyərlər, bəzən əxlaqi dəyərlərə köklənmiş yazılmayan qayda-qanunlar, adət-ənənələr dəyişdirilib, yaddan çıxıb, unudulub. Yeni müasir dünya artıq bu cür dəyərləri uzaqlaşdırıb". Hüquq müdafiəçisi Çingiz Qənizadə Sputnik Azərbaycan-a açıqlamasında belə deyib.
Onun sözlərinə görə, milli dəyərlərdən, əxlaqi dəyərlərdən kənar formalaşan uşaqların gələcəyi də yəqin ki, müəyyən qədər sual altında olacaq.

"Dəyərlərin itməsi fonunda biz zamanla azyaşlılara qarşı cinsi zorakılıq halları haqda eşidirik. Bəzən də zorakılıq etmiş şəxslərə məhkəmə tərəfindən cəmiyyətin istək və arzularına uyğun olmayan qərarlar verilir. Yəni cəmiyyətin tələbi ilə qanunların tələbi başqadır", - deyə Qənizadə bildirib.

Deputat Çingiz Qənizadə
Mütəxəssis belə hesab edir ki, məsələ ilə bağlı qanunlar sərtləşdirilməli, azyaşlılara qarşı cinsi zorakılıq göstərmiş şəxslərlə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiya hissələrinə yenidən baxılmalıdır:

"Milli mentalitetimiz, əxlaqımıza zidd olan, arzuolunmaz cinayətlərin baş verməsi cəmiyyət tərəfindən necə kəskin tənqid edilirsə, qanunlar da o cür cəzaları tətbiq etməlidir. Qanunlarda boşluq var, bu boşluqlar doldurulmalıdır. Bu şəxslərin əməli ağır cinayət hesab edilməlidir".

Vəkil Türkel Süleymanlı daSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yuxarıda qeyd olunan cinayətlərə görə cəzalar birmənalı şəkidə sərtləşdirilməlidir:
"On altı yaşına çatmayan şəxslə hətta zorakılıq olmadan cinsi əlaqədə olmaq zorakılıq sayılır. Kişininn yaşı 16-dan yuxarıdırsa, qızın yaşı 16-dan aşağıdırsa, bu zaman məsuliyyət yaranır. Belə düşünürəm ki, cəmiyyətin ictimai mənafeyini qorumaq üçün bu cinayətlər avtomatik ağır cinayətlər kateqoriyasına aid edilməlidir. Bu mənada cəmiyyətin fikri ilə tam razıyam".
Türkel Süleymanlı
Vəkil hesab edir ki, belə cinayətlərin cəzası 7 ildən artıq olan cinayətlər kateqoriyasına aid edilməlidir:

"Zor tətbiq etmədən cinsi xarakterli hərəkətlərə görə isə 16 yaşına çatmayan zərərvurmuş şəxsə qarşı, heç olmazsa, 5 il olmalıdır".

Qeyd edək ki, bu yaxınlarda Bərdədə 14 yaşlı qıza qarşı cinsi zorakılıq etmiş şəxslərlə bağlı məhkəmə tərəfindən 5 aylıq cəzanın verilməsi cəmiyyətdə böyük qınaqla qarşılanıb.
Qeyd edək ki, Azərbaycanda yetkinlik yaşına çatmayanları zorlayanlar 15 ilədək həbs olunacaq., Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinin 149-cu (Zorlama) maddəsinə dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya görə eyni əməllər - yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbən olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.