CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanla Özbəkistan arasında aviareyslərin sayının artırılması təklif olunur

Özbəkistana ən çox turist axını olan ölkələr sırasında Azərbaycan 12-ci pillədə qərarlaşıb .
Sputnik
BAKI, 4 aprel — Sputnik. Azərbaycanla Özbəkistan arasında turist səfərlərinin sayını artırmaq üçün iki ölkənin milli aviadaşıyıcılarının reyslərinin sayının artırılmasına ehtiyac var.
Bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin ("AITF 2023") açılış mərasimində bildirib.
"Hazırda Azərbaycan vətəndaşları Özbəkistana gələn turistlər arasında sayına görə 12-ci yerdədir. Ölkələrimiz arasındakı münasibətlər turist səfərlərinin sayını artırmağa imkan verir", - deyə o qeyd edib.
Səfir həmçinin bildirib ki, statistikaya görə, 2022-ci ildə on mindən çox azərbaycanlı Özbəkistana səfər edib: “Beləliklə, Özbəkistana ən çox turist axını olan ölkələr sırasında Azərbaycan 12-ci pillədə qərarlaşıb".
"Bu ilin payızında Daşkənddə "İpək yolunda turizm 2023" adlı beynəlxalq turizm keçiriləcək. Azərbaycanı bu sərgidə iştirak etməyə dəvət etmək bizim üçün şərəfdir”, - deyə o əlavə edib.