CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan ildə dörd milyon xarici turist qəbul etməyi hədəfləyir

Azərbaycanda turizmin inkişafı üçün böyük potensial var və bu məsələ Dövlət Turizm Agentliyi üçün prioritetdir.
Sputnik
BAKI, 4 aprel — Sputnik. Dövlət Turizm Agentliyi 2026-cı ilə qədər ölkəyə gələn xarici turistlərin illik sayını 4 milyona çatdırmağı hədəfləyir.
Bunu Agentliyin sədri Fuad Nağıyev Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin ("AITF 2023") açılış mərasimində bildirib.
Gələcəklə bağlı proqnozlardan söz açan sədr qeyd edib ki, yaxın 3 ildə yerli turistlərin illik sayının isə 6 milyona çatdırılması nəzərdə tutulur.
"Azərbaycanda turizmin inkişafı üçün böyük potensial var və bu məsələ bizim üçün prioritetdir. Hazırda əsas məqsədimiz koronavirus (COVID-19) pandemiyasından əvvəlki rəqəmi bərpa etmək, daha böyük inkişafa nail olmaqdır. Ötən il Azərbaycana 1,6 milyon turist səfər edib. Bu da 2019-cu ilin göstəricisinin 50%-i deməkdir”, - deyə F.Nağıyev qeyd edib.
Sədr həmçinin bildirib ki, 2026-cı ildə turizm və ictimai iaşə sektorunda ümumi daxili məhsul (ÜDM) istehsalının 2019-cu illə müqayisədə 1,5 dəfə artacağı, bu sahədə ildə 20% artım olacağı gözlənilir. (Report)