CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AQTA çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlayıb

Aşkar olunmuş uyğunsuzluqlarla bağlı 11 müəssisədə keçirilmiş plandankənar yoxlamalar zamanı 2 müəssisədə yoxlamanın nəticəsi qənaətbəxş olub.
Sputnik
BAKI, 3 aprel — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) çörək istehsalı müəssisələrində keçirilən monitorinqlərin nəticəsini açıqlayıb. Monitorinqin nəticəsinə görə, 11 çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb.
AQTA-dan verilən məlumata görə, cari dövr ərzində 103-ü yerli və 5-i idxal edilən məhsul olmaqla, ümumilikdə 108 nümunə götürülüb.
Bunlardan 86-sı buğda, 22-si çovdar unundan hazırlanmış çörəklər olub. Nümunələrin sınaq nəticəsinə əsasən, 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib. 11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəklərdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb.
Aşkar olunmuş uyğunsuzluqlarla bağlı 11 müəssisədə keçirilmiş plandankənar yoxlamalar zamanı 2 müəssisədə yoxlamanın nəticəsi qənaətbəxş olub. 9 müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı 47 nöqsan aşkar edilib. Həmin nöqsanlarla bağlı inzibati protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Sözügedən müəssisələrdən 3-də ciddi pozuntular aşkar edildiyinə görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
AQTA qeyd edir ki, laborator nəticələri uyğunsuz olan çörək məhsullarının istifadəyə yararlılığı qida təhlükəsizliyi baxımından məqsədəuyğun hesab edilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.