BAKI, 2 aprel — Sputnik. Dünyada karbonsizləşdirmə siyasətinə baxmayaraq, ənənəvi enerji növlərinə, xüsusən də karbohidrogenlərə qlobal tələbat artmaqda davam edir. Belə ki, OPEK-in hesabatına əsasən, bu il neftə tələbat ötən ilki 99,5 milyon barrellə müqayisədə sutkada 101,9 milyon barrel olacaq. Kartel, həmçinin qarşıdakı illərdə qara qızıla tələbatın davamlı olaraq artacağını gözləyir.
İstehlak, əsasən, Rusiya neftinin və qazının dəniz yolu ilə ixracına məhdudiyyətlərin tətbiqindən sonra bir sıra Avropa ölkələrində artmaqdadır.
Nəticədə Azərbaycan neftinin alıcıları siyahısına onu əvvəllər Azərbaycandan idxal etməyən ölkələr də daxil edilib. Belə ki, bu ay Slovakiya ilk dəfə olaraq Bratislavadakı "Slovnaft" neft emalı zavodu üçün 90 min ton həcmində "Azeri Light" markalı neft alıb.
Lakin tələbatın artmasına baxmayaraq, Azərbaycanda neft hasilatının səviyyəsi aşağı düşür. Belə ki, fevral ayının yekunlarına görə, ölkədə qara qızıl hasilatı yanvarda 533 min barrellə müqayisədə sutkada 531 min barrel təşkil edib. Eyni zamanda, OPEC+ sazişi çərçivəsində Azərbaycanın fevral ayı hasilat kvotası sutkada 684 min barrel təşkil edib. Beləliklə, ötən ay respublikanın kvotadan geri qalması 28,8% təşkil edib.
Ümumiyyətlə isə, ötən ilin yekunlarına görə, ölkədə neft hasilatı iki milyon ton azalaraq 32,6 milyon tona düşüb, bu tendensiya bir ildən artıqdır ki, müşahidə olunur.
Neft hasilatı azalmağa davam edəcək
İqtisadçı Natiq Cəfərli qeyd edir ki, respublikada neft hasilatı səviyyəsinin aşağı düşməsi gözlənilirdi, çünki Azərbaycanda neft istehsalının zirvəsi 2011-2012-ci illərdə, ölkənin gündəlik, təxminən 1 milyon barrel hasil etdiyi dövrdə baş verib.
"Son zamanlar hasilatın azalması sürətlənib, o, daha da azalacaq. Bu gün əsas məsələ neft hasilatını və ixracını sutkada, təxminən 700-720 min barrel səviyyəsində sabitləşdirməkdir", - deyə Cəfərli "Sputnik Azərbaycan"a bildirib.
İqtisadçı qeyd edib ki, hazırda buna nail olunmayıb, lakin Azərbaycan "SOCAR" dövlət neft şirkəti və digər beynəlxalq müəssisələr tərəfindən işlənən perspektivli yataqlara malikdir.
"Ilin sonuna qədər neft hasilatının sutkada 50 min barel artırılması gözlənilir. Bu, hasilatı və tədarükü sabitləşdirə bilər ", - deyə ekspert bildirib.
Cəfərli onu da əlavə edib ki, Azərbaycan neftinə marağın artması ümumi geosiyasi vəziyyətlə bağlıdır: Rusiyadan tədarükdən asılı olan bir sıra Avropa ölkələri hazırda yenidən Azərbaycana tərəf yönəlməyə çalışırlar.
İstehsalın azalmasını necə kompensasiya etmək olar?
İqtisadçı hesab edir ki, Azərbaycan neftinin azalan həcmlərini əvəz etmək üçün "qara qızıl" Qazaxıstandan Avropa bazarlarına çıxarıla bilər.
"Vəziyyətdən çıxış yollarından biri Qazaxıstan neftinin Azərbaycandan və Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqli və tranziti ola bilər. Hələ ötən həftə bu istiqamətdə tədarüklərin həcmi artmağa başlayıb", - deyə iqtisadçı əlavə edib.
N.Cəfərli vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin ötürücülük qabiliyyəti sutkada 1 milyon barreldən bir qədər artıqdır. Azərbaycan isə kəməri maksimum yarıya qədər doldura bilər. Beləliklə, Qazaxıstan hər gün Azərbaycana, təxminən, 50 min barrel tədarük edə bilir.
Əgər bu baş verərsə, o zaman bəzi Avropa ölkələri Xəzər neftini, yəni Azərbaycan neftinin Qazaxıstan nefti ilə qarışığını yaxın gələcəkdə daha böyük həcmdə ala biləcəklər.
"90-cı və ya 2000-ci illərin əvvəllərində olduğu kimi Azərbaycanda neft hasilatının artması ilə bağlı başqa gözləntilər yoxdur. Çünki çoxdan istismar olunan yataqlar, o cümlədən Azəri-Çıraq-Günəşli əsas platforması artıq platoya çıxıb, hasilatda artım olmayacaq ", - deyə Cəfərli bildirib.
Qazaxıstan Azərbaycan üzərindən tranziti artırmaq niyyətindədir
Qazaxıstan həqiqətən də Azərbaycan vasitəsilə dünya bazarına neft tədarükünün həcmini artırmaqda maraqlıdır. Belə ki, Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru "Kaztransoyl" bəyan edib ki, 2023-cü ilin aprel ayı üçün BTC istiqamətində neft nəqlinin planlaşdırılan kütləsi 125 min ton təşkil edir.
Eyni zamanda, martın sonunadək həmin marşrut üzrə daha 10 min ton "Tengiz" neftinin göndərilməsi planlaşdırılır.
Bundan əvvəl Qazaxıstanın energetika naziri Aset Maqauov bildirmişdi ki, ölkə 2026-cı ilə qədər Azərbaycan vasitəsilə neft ixracını 15 milyon tona çatdırmağı planlaşdırır. Nazirin sözlərinə görə, planlara tədarükün mərhələli şəkildə artırılması - bu ilin sonuna 6,5 milyon tona qədər, daha sonra isə 2025-ci ilin sonuna kimi 15 milyon tona qədər artırılması daxildir.
Azərbaycan istiqamətində neft tədarükünün inkişafı üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM/Orta Dəhliz/TBNM) inkişafı üzrə işçi qrupu yaradılıb.