CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhalinin banklardakı əmanətləri azalıb

Deputat qeyd edib ki, əhalinin əmanətlərinin azalmasının əsas səbəbi banklardakı depozit gəlirlərinin ötən aydan etibarən vergiyə cəlb edilməsi ilə bağlıdır.
Sputnik
BAKI, 1 aprel — Sputnik. "2021-ci ilin avqust ayından sonra ilk dəfə əhalinin banklardakı əmanətlərinin həcmində azalma qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, bu ayın 1-də əhalinin banklardakı əmanəti əvvəlki aydakı 11 milyard 928 milyon manatdan 11 milyard 901 milyon manata düşüb. Bu isə o deməkdir ki, ötən ay ərzində əhalinin əmanətləri 27 milyon manat azalıb". Bunu millət vəkili Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, əhalinin əmanətlərinin azalmasının əsas səbəbi banklardakı depozit gəlirlərinin ötən aydan etibarən vergiyə cəlb edilməsi ilə bağlıdır. Belə ki, ümumi depozit faizlərində hiss edilən artımlar reallaşmadığı üçün müddəti başa çatmış bəzi depozitlərin vaxtının uzadılmaması və ya geri götürülməsi qeydə alınıb. Monitorinqlərə görə, bu daha çox fevral ayının ilk yarısına təsadüf edib. Daha sonra prosesinin stabilləşməsi müşahidə olunub.
Vüqar Bayramov
Onun sözlərinə görə, bu baxımdan, növbəti aylarda əmanət həcmlərindəki artım tempinin yenidən bərpa ediləcəyi gözlənilir. Bununla yanaşı, əmanət həcmlərindəki azalmalar bir daha təsdiq edir ki, bank sektorunda iştirakçılar ilə birbaşa kommunikasiyanın daha da gücləndirilməsi vacibdir.

"Bu işin yalnız Mərkəzi Bank tərəfindən deyil, eyni zamanda ayrı-ayrılıqda hər bir bank tərəfindən həyata keçirilməsinə ehtiyac var", - deyə o əlavə edib.

Xatırladaq ki, Azərbaycanda əhalinin banklardakı əmanətləri bu il mart ayının 1-nə 11 milyard 901,8 milyon manat təşkil edib. Bu rəqəm fevralın 1-nə olan göstəricidən 0,2% azdır.
Ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin banklardakı əmanətləri 19% və ya 1 milyard 865,1 milyon manat artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.