İQTİSADİYYAT

Azərbaycandan Rusiyaya alkoqollu içkilərin ixracı kəskin artıb - Səbəblər

Ekspertin sözlərinə görə, Azərbaycandan Rusiyaya alkoqollu içkilərin ixracı daha da arta bilər. Çünki Rusiya bazarı böyükdür və alkoqollu içkilərin ixracı sərfəlidir.
Sputnik
BAKI, 2 aprel — Sputnik. Azərbaycanın Rusiyaya alkoqollu içkilərin ixracı keçən il həm miqdar ifadəsində həm də dəyər ifadəsində kəskin artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycandan 2022-ci ildə Rusiyaya ümumilikdə 10.59 milyon dollar dəyərində alkoqollu içkilər ixrac edilib. Bu da 2021-ci illə müqayisədə təxminən 3.3 dəfə çoxdur. Keçən il ümumilikdə ölkəmizdən 430.81 min dekalitr həcmində alkoqollu içkilər Rusiyaya göndərilib ki, bu da 2021-ci illə müqayisədə 2 dəfəyə yaxın çoxdur.
"Azərbaycandan Rusiyaya alkoqollu içkilərin ixracı daha da arta bilər"
İxracda kəskin artım ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, bunun bir neçə səbəbi var: "Birincisi, son illərdə Azərbaycanda ixracat üzrə hesabatlılığın artırılmasında ciddi irəliləyişin olmasıdır. İkincisi, sanksiyalara görə bəzi ölkələrdən Rusiyaya alkoqollu içkilərin ixracının dayandırılmasıdır. Bu addım bazarda boşluq yaratdı və Azərbaycan həmin boşluğu doldurmağa çalışır və bu, normal haldır".
"Azərbaycandan Rusiyaya alkoqollu içkilərin ixracı daha da arta bilər. Çünki Rusiya bazarı böyükdür və alkoqollu içkilərin ixracı sərfəlidir" - , deyə iqtisadçı diqqətə çatdırıb.
Alkoqollu içkilərin ixracı...
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycandan 206.87 min dekalitr həcmində tutumu 2 litr və ya daha az həcmli qablarda digər təbii üzüm şərabları Rusiyaya ixrac edilib. Bunun da dəyəri 4 milyon 392 min dollardır.
Ölkəmizdən Rusiyaya 3 milyon 963 min dollar dəyərində 120.21 min dekalitr həcmində viski ixrac edilib. 1 milyon 530 min dollar dəyərində üzüm çaxırının və ya üzüm puçalının distillə edilməsindən alınan spirtli içkilər (konyak, qrappa, brendi və digərləri) Rusiyaya göndərilib. Bundan başqa, 252 min dollar dəyərində 64,5 min dekalitr digər təbii üzüm şərabları və s. ixrac olunub.
Yerli istehsalın rəqabət qabiliyyəti artırılır
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il fevralın 7-də "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Sərəncam imzalayıb. Məqsəd tütün məmulatlarının və alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi, qanunla müəyyən edilmiş dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin gücləndirilməsidir.
Sərəncama əsasən, Nazirlər Kabineti aşağıdakı məsələlərə dair təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir:
-tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı ilə əlaqədar şəffaf iqtisadi fəaliyyətin təşkili məqsədilə tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiqi və alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsi,
-beynəlxalq təcrübə nəzərə alınmaqla, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi,
-qanunvericiliyin tələblərini pozmaqla tütün məmulatlarının və alkoqollu içkilərin idxalını və istehsalını həyata keçirən şəxslərə qarşı məsuliyyət tədbirlərinin sərtləşdirilməsi,
-İqtisadiyyat Nazirliyi altı ay müddətində tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin beynəlxalq təcrübə, habelə Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələri nəzərə alınmaqla mərhələli olaraq artırılması istiqamətində aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir və s.