RUSİYA

Rusiyaya təhvil verilən "Total" zavodu Azərbaycana motor yağlarının ixracına başlayacaq

Şirkətin bu il ümumi ixracı 2 milyon litrə qədər olacaq, gələn il isə bu rəqəm - 5 milyon litrə qədər arta bilər.
Sputnik
BAKI, 31 mart — Sputnik. Fransanın "TotalEnergies" şirkəti tərəfindən Rusiya rəhbərliyinə təhvil verilən Kaluqa vilayətindəki sürtkü yağları zavodu yayda Azərbaycana və digər MDB ölkələrinə motor yağlarının tədarükünə başlamağı planlaşdırır.
Bu barədə "Top Lubricants" MMC zavodunun yeni sahibinin kommersiya və marketinq direktoru Yeqor Popov "TASS"a məlumat verib.
"Fikrimcə, artıq yayda, iyulda biz ixraca başlayacağıq, çünki təxirə salınmış tələbat var. İlk növbədə, bunlar Belarus, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstandır", - deyə Popov bildirib.
Top-menecer onu da qeyd edib ki, şirkət MDB ölkələrinə tədarüklə məhdudlaşmağı planlaşdırmır.

"Fransa yağlarımızla maraqlanarsa, biz onları Fransaya da tədarük etməyə hazırıq. Hələ ki, həcmlər kiçikdir: biz bütün diqqətimizi məhsullarımızın marketinqinə və xaricə tanıtımına cəmləməyəcəyik. Bu il ixrac olunacaq ümumi həcm 2 milyon litrə qədər ola bilər, gələn il isə, məncə, bu, 5 milyon litrə qədər arta bilər", - deyə Popov bildirib.

O, dəqiqləşdirib ki, söhbət minik və yük avtomobilləri üçün motor yağlarının tədarükündən gedir.
Lada Granta CNG avtomobil mühərriki, arxiv şəkli
Keçən il Fransa şirkəti Rusiyada neft (Xaryaqa) və qaz (Termokarstovoye yatağı) aktivləri də daxil olmaqla, fəaliyyətinin tədricən azaldığını elan edib, həmçinin zavodda istehsalı dayandırıb.
2023-cü il martın əvvəlində "TotalEnergies" 2018-ci ildə Kaluqa vilayətində işə saldığı sürtkü yağları istehsalı zavodunu Rusiya rəhbərliyinə təhvil verib.
Onun yeni sahibi "Top Lubricants" MMC "Lemarc" brendi altında yağlar istehsal etmək niyyətindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.