BAKI, 31 mart — Sputnik. Dünya bazarlarında neft qiymətləri cüzi ucuzlaşıb. "Brent" markalı neftin qiyməti 0,2% azalaraq 1 barelə görə 78,44 dollar təşkil edib. "WTI" markalı neftin 1 barelinin qiyməti 0,08% azalarq 74,31 dollar olub.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,01 dollar və ya 0,01% azalaraq 80,85 dollar təşkil edib.
Qeyd edək ki, Çinin ticarət fəaliyyəti ilə bağlı qarışıq məlumatlar açıqlandıqdan sonra neft qiymətlərində cüzi dəyişiklik olub. Artıq bazarların diqqəti gələn həftə baş tutacaq OPEC-in iclasına yönəlib. Bazarlar bazar ertəsi OPEC-in iclasında hasilatın azaldılması ilə bağlı ipucları axtaracaqlar.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan neftinin ("Azeri Light") bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC)
Neft İxrac Edən Ölkələr Təşkilatı və ya qısaca OPEC — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.
Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (19751994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub.
Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var. (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela).
Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla "OPEC plus" formatında sıx əməkdaşlıq edir. "OPEC plus" əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.