BAKI, 31 mart — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Xalqımıza qarşı törədilmiş cinayətləri unutmayacağıq və tariximizin təhrif olunmasına heç vaxt imkan verməyəcəyik! Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Xatırladaq ki, 105 il bundan öncə 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrində on minlərlə dinc azərbaycanlıya qarşı amansız qətliamlar həyata keçirilib. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.
Radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin ayrılmaz tərkib hissəsi olan sözügedən qətliamların sistematik və planlı xarakter daşıması, Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın törədilmiş qətliamlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgərinin iştirak etdiyinə dair etiraflarında da sübut olunur.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra hökumət tərəfindən ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası təsis edildi. Komissiyanın fəaliyyəti nəticəsində sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açıldı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu. Lakin azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin siyasi və hüquqi qiymətləndirməsi üçün atılan bu ilk addımın davam etdirilməsi Azərbaycan Respublikasının Sovet ordusu tərəfindən işğalı səbəbindən yarımçıq qaldı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.