CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda vərəm xəstəliyinə yoluxma iki dəfə azalıb

Ağciyər vərəminin müxtəlif formalarında müşahidə edilən əlamətlər - 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, hətta bəlğəmin qanlı olması, döş qəfəsində ağrı, gecələr intensiv tərləmə, təngnəfəslik, iştahasızlıq, arıqlama, halsızlıq, yorğunluq hissi olmasıdır.
Sputnik
BAKI, 31 mart — Sputnik. Son zamanlar dünyada və Azərbaycanda vərəm xəstəliyi ilə bağlı narahatlıqlar artıb. Təkcə ötən il Azərbaycanda 2877 insan ilkin, yəni ömründə ilk dəfə bu xəstəliyə yoluxub. Rəsmi dövlət qeydiyyatında olan xəstələrin sayı isə 5169 nəfərdir.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova "Report"a açıqlamasında bildirib ki, son 10 ildə Azərbaycanda vərəm xəstəliyinə yoluxma iki dəfə azalıb.
O bildirib ki, xəstələnmə göstəricisi - 100 000 respublika əhalisinə - 28,4 təşkil edib: "Son on ildə bu göstərici 2 dəfə azalıb. Həmçinin digər ölkələrlə müqayisə etsək, görərik ki, Azərbaycanda yoluxma sayı azdır. Bu da xəstəliyin vaxtında aşkar edilməsi, xəstənin dərhal müalicəyə cəlb olunması və müalicə kursunu uğurla başa çatması ilə əlaqədardır".
İ.Axundova söyləyib ki, vərəm infeksion xəstəlikdir və əsasən hava-damcı, hava-toz yolu ilə yayılır:

"Bu səbəbdən sağlam insanların xəstə ilə birlikdə eyni məkanda olduğu halda yoluxma baş verə bilər. Yoluxan hər bir şəxs vərəm ilə xəstələnmir. Ətrafdakı şəxsin immunitet sisteminin güclü olub-olmaması, vərəm mikrobunun sayı və virulentliyi burada mühüm rola malikdir. Vərəm çöpləri yoluxduğu orqanizmdə latent ("yatmış") formada qalaraq xəstəlik törətməyə və yaxud immunitetin zəiflədiyi zamanda aktiv formaya keçərək xəstəlik törədə bilər".

İnstitut direktoru vərəmdən qorunmaq üçün sağlam həyat tərzi sürməyi və yaxşı qidalanmağı tövsiyə edib.
O vurğulayıb ki, immunitetin zəifləməsinə yol verməməlidir:
"Aktiv vərəm xəstəsi ilə təmasda olmamaq, təmas yarandığı halda, dərhal həkimə müraciət edib, tibbi müayinədən keçmək lazımdır. Vərəm xəstəsini heç də kənardan, xarici görüşündən tanımaq olmur. Vərəm üçün mütləq patoqnomik olan bir əlamət yoxdur. Yəni, elə bir əlamət yoxdur ki, ona görə şəxsdə vərəm xəstəliyi olduğunu əminliklə söyləyə bilək. Amma vərəmin lokalizasiyasından asılı olmayaraq, istər ağciyər, istərsə də digər orqanların vərəmi üçün xas olan əlamətlər var".
Direktor xatırladıb ki, xəstəlik ən çox tənəffüs orqanlarını zədələyir:

"Ağciyər vərəminin müxtəlif formalarında müşahidə edilən əlamətlər - 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, hətta bəlğəmin qanlı olması, döş qəfəsində ağrı, gecələr intensiv tərləmə, təngnəfəslik, iştahasızlıq, arıqlama, halsızlıq, yorğunluq hissi olmasıdır. Təbii ki, bu əlamətlərin bir və ya bir neçəsinin olması heç də həmin insanın vərəmə yoluxmasını sübut etmir. Ancaq bu əlamətlər, vərəmə şübhə yaradır və müşahidə edildikdə həkim-mütəxəssisə müraciət etmək məsləhətdir, çünki xəstəliyin diaqnozunu aparılan kompleks müayinələrin əsasında təsdiq etmək mümkündür. Yalnız bəlğəmin və ya hər hansı bir patoloji materialın müayinəsi zamanı vərəm mikrobakteriyasının aşkarlanması vərəm xəstəliyinin əminliklə təsdiq olunmasına imkan verir".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.