İQTİSADİYYAT

Azərbaycanda pomidor kəskin bahalaşıb, ixrac azalıb

Ekspertlərin sözlərinə görə, hazırda sahibkarın işçi, logistika və digər xərcləri əvvəlki illərin xərcləri ilə eyni deyil. İnflyasiya səviyyəsi istixana sahiblərinə də təsir göstərir.
Sputnik
BAKI, 31 mart — Sputnik. Azərbaycanın pomidor ixracı azalıb, ölkə daxilində bu məhsulun qiyməti bahalaşıb. Həm dəyər, həm də həcm baxımından pomidor ixracında azalma müşahidə edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan bu ilin yanvar-fevral aylarında 19 milyon dollar dəyərində 15,5 min ton pomidor ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 24 faiz, dəyər baxımından isə 22,1 faiz azdır. Keçən ilin yanvar-fevral aylarında Azərbaycandan 24,5 milyon dollar dəyərində 20,3 min ton pomidor ixrac edilmişdi.
Qeyd edək ki, Azərbaycanda pomidorun qiymətində bahalaşma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, fevral ayında istixanalarda yetişdirilən pomidorun 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 3,90 manat olub. Bu, yanvar ayı ilə müqayisədə 18,18 faiz bahalaşma deməkdir. Yanvarda istixanalarda yetişdirilən pomidorun 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 3,30 manat idi.
Hazırda isə marketlərdə, məsələn, Zirə pomidorunun 1 kq qiyməti təxminən 5,30-6 manatdır.
Pomidorun topdansatış qiymətində kəskin artım var
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin məlumatlarına görə, aylıq müqayisədə pomidorun topdansatış qiymətlərində kəskin artım var. Belə ki, fevralda yanvar ayı ilə müqayisədə Zirə pomidorunun topdansatış qiyməti 65,8 faiz, Çəhrayı pomidorun topdansatış qiyməti isə 80 faiz bahalaşıb. Zirə pomidorunun topdansatış qiyməti 1,90 manatdan 3,15 manata, Çəhrayı pomidorun topdansatış qiyməti isə 1,75 manatdan 3,15 manata qalxıb.
"Pomidor mövsümü olmadığı üçün məhsul azdır"
İqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında hazırda pomidor mövsümünün olmadığını söyləyib. O bildirib ki, qeyri-mövsüm dövründə pomidorun yetişdirilməsi xərcləri artırır, yəni istixanalar üçün xərc yaradır. Pomidor mövsümü olmadığı üçün məhsul azdır. Məhsul az olanda da sahibkarlar məhsulu istədiyi qiymətə sata bilirlər.
Onun sözlərinə görə, istixana məhsulları həmişə baha olacaq. Çünki istixananın istehsal xərci ilə açıq sahədə yetişdirilən pomidorun istehsal xərci eyni deyil. Bu da qeyri-mövsümlərdə istixana məhsullarının daha baha qiymətə satılmasına gətirib çıxardır.
İqtisadçı qeyd edib ki, əgər ixrac daha çox olsa idi, hazırda pomidor 5-6 manata yox, 8-9 manata satılardı: "Yəni ixracın azalması qiymətlərin bu intervalda formalaşmasına gətirib çıxardır. Hazırda sahibkarın işçi, logistika və digər xərcləri əvvəlki illərin xərcləri ilə eyni deyil. Ümumi inflyasiya səviyyəsi istixana sahiblərinə də təsir göstərir. Bazarda pomidorun qiymətləri tələb-təklif əsasında formalaşır".
"Pomidor ixracında azalma müvəqqətidir"
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov isə Sputnik Azərbaycan-a bildirib ki, ixracın azalmasının əsas səbəbi logistik problemlər, satış qiymətlərinin ucuzlaşmasıdır: "Bu, Şəmkir rayonunda pomidor əkinlərinin azalmasına gətirib çıxardıb. Şəmkirdə pomidor üzrə payız əkini olmadığı üçün ixracda azalma olub. Lakin dekabrda Şəmkirdə istixanalarda yenidən pomidor əkinlərinə başlanılıb. Pomidor ixracında azalma müvəqqəti xarakter daşıyır və növbəti aylarda ixracda artım olacaq. Çünki artıq pomidorun satış qiyməti qalxıb və Şəmkirdə istixanalar fəaliyyətə başlayıb".
Ekspert qeyd edib ki, Rusiyada istixanalarda pomidor istehsalı artsa da, Azərbaycan pomidoruna tələbat azalmır, çünki bizim pomidor keyfiyyətlidir. Hazırda pomidor ixracı sərfəlidir, gəlir gətirir. Azərbaycanın pomidor ixracının 95 faizi Rusiyanın payına düşür.
Keçən il Azərbaycanın pomidor ixracı dəyər ifadəsində artıb
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2022-ci ildə Azərbaycandan 167,6 milyon dollar dəyərində 141 min 419 ton pomidor ixrac edilib. İxrac 2021-ci illə müqayisədə dəyər ifadəsində 7,3 milyon dollar çox, həcm baxımından isə 3 min 797 ton azdır. Həcmin azalmasına baxmayaraq gəlirin artması pomidorun 2021-ci illə müqayisədə bahalaşması ilə bağlıdır. Ötən il Azərbaycanın cəmi pomidor ixracının 97,2 faizi Rusiyanın payına düşüb.
İstixanalarda pomidor istehsalı artıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il 2021-ci illə müqayisədə istixanalarda pomidor istehsalı 7,6 faiz artıb. Ölkənin digər rayonlarına nisbətən Şəmkir, Abşeron, Xəzər, Salyan, Samux, Sabunçu, Sabirabad, Kürdəmir, Binəqədi və Tovuz rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.
Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Rusiyaya pomidor ixracında bəzi ziyanvericilər aşkarlandığına görə logistik problemlər olmuşdu. Ancaq qarşılıqlı əməkdaşlıq sayəsində mövcud problemlər həllini tapıb. 2022-ci ilin mart ayının 5-dən etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor məhsulunun bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.