BAKI, 31 mart — Sputnik. Son 5 il ərzində Analitik Ekspertiza Mərkəzinin GMP deyilən etibarlı istehsalat təcrübəsi üzrə təftiş qrupu tərəfindən 80-dən artıq xarici istehsalatçının yoxlanması həyata keçirilib.
APA xəbər verir ki, bunu Analitik Ekspertiza Mərkəzinin Keyfiyyəti İdarəetmə şöbəsini müdiri Şamil Aydəmirov deyib. O qeyd edib ki, bununla yanaşı mütəmadi olaraq yerli istehsalçıların yoxlanması təmin olunur:
"İstehsal prosesinin bütün zəncirlərinin yoxlanmasının təmin olunması məqsədilə müxtəlif ekspertlər işçi qrupuna cəlb olunur və yoxlama zamanı Avropa Birliyinin GMP qaydaları rəhbər tutulur. Bu istiqamətdə AEM beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir".
Dərman preparatları, arxiv şəkli
© Sputnik / Олег Ласточкин
Azərbaycana idxal olunan dərman vasitələrini istehsal edən müəssisələrin yoxlanılması və bu prosesin necə getməsi barədə sualı cavablandıran şöbə müdirinin sözlərinə görə, dərman istehsal edən müəssisələrin auditi olduqca mürəkkəb və çoxşaxəli prosesdir:
"Əksər hallarda audit başlamazdan öncə istehsalçı şirkət, onun əməkdaşlıq etdiyi qurumlar digər ölkələrin nəzarətedici qurumlarının son 5 il ərzində həyata keçirtdiyi auditlər və məhsullar barədə dərin təhlil aparılır. Bununla yanaşı xammalın daxil olduğu anbardan başlayaraq digər parametrlər üzrə əczaçılıq keyfiyyət sistemi, su təchizat, havalandırma, şəxsi heyət, kompüter sistemlərinin yoxlanması aparılır. Bu da sözsüz ki, bizim məsuliyyətimizi artırır. Həyata keçirdiyimiz auditlər əsasında əhalinin nigaranlığına zəmin yaradacaq hallar müşahidə edilməyib".
"Bəzi insanlar arasında iş adamlarının dərmanın daha ucuz başa gəlməsi üçün hansısa zavodlara dərman vasitəsinin tərkibinin azaldılması ilə bağlı müraciət etmələri barədə yayılan söz-söhbətlər nə qədər əsaslı ola bilər?" sualını cavablandıran Şamil Aydəmirov deyib ki, informasiya texnologiyalarının geniş vüsət aldığı bir dövrdə hansısa şirkətin öz nüfuzuna xələl gətirəcək belə bir addım atdığına inanmır:
"Bu cür halların mümkünlüyü ehtimal olunsa belə, AEM-in müxtəlif nəzarət mexanizmləri mövcuddur və keyfiyyətə nəzarət laboratoriyası da bunlardan biridir. Rəsmi idxal prosesi zamanı yoxlamalarda hansısa kənara çıxma müəyyən olunarsa, sözügedən dərman vasitəsinin ölkəyə rəsmi idxalının mümkünlüyü sıfıra bərabərdir. Bu məsələ ilə bağlı narahatlığa əsas yoxdur".
Qeyd edək ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu gün Milli Məclisdə 2022-ci il üzrə illik məruzəni təqdim edərkən deyib ki, dərman vasitələrinin keyfiyyəti narahatlıq yaradan problemlərdən biridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.