TƏHSİL

Uğursuz nəticə göstərən ibtidai sinif müəllimləri yenidən sertifikasiyaya cəlb olunacaqlar

Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.
Sputnik
BAKI, 29 mart — Sputnik. Ötən il sertifikasiyada uğursuz nəticə göstərən ibtidai sinif müəllimlərinin 22 faizi bu il yenidən sertifikasiyaya cəlb olunacaq.
Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, ötən il imtahanlarda ibtidai sinif müəllimlərinin 78 faizi sertifikasiya imtahanlarında uğur qazanıb: "5624 müəllimin maaşına 10 faiz, 3127 müəllimin maaşına isə 35 faiz əlavə olub".
Xatırladaq ki, təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
Sertifikatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:
-hamilə qadınlar;
-uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
-ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində;
-azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.