TƏHSİL

Sertifikasiyadan kəsilənlər yenidən uğursuz olsalar, əmək müqaviləsinə xitam verilə bilər

Əgər müəllimlərin ötənilki sertifikasiyada iştirak etmədiklərinə dair səbəbi təsdiq edən sənəd yoxdursa, təkrar sertifikasiyadan kəsildikləri halda əmək müqavilələrinə xitam verilə bilər.
Sputnik
BAKI, 29 mart — Sputnik. "Keçən il sertifikasiyadan kəsilmiş müəllimlər yenidən uğursuz olsalar, onların əmək müqaviləsinə xitam verilə bilər".
Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, bu, güzəşt tətbiq edilmiş müəllimlərə şamil deyil: "Kimlərə güzəşt nəzərdə tutulduğu qaydalarda öz əksini tapıb".
Rüfət Əzizov eyni zamanda deyib ki, ötən il müxtəlif səbəblərdən sertifikasiya imtahanında iştirak etməyənlər də təkrar sertifikasiyada iştirak edəcəklər: "Xüsusi səbəblər olubsa, müvafiq qaydada bizə müraciət edə bilərlər. Əgər müəllimlərin ötənilki sertifikasiyada iştirak etmədiklərinə dair səbəbi təsdiq edən sənəd yoxdursa, təkrar sertifikasiyadan kəsildikləri halda əmək müqavilələrinə xitam verilə bilər".
Xatırladaq ki, təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
Sertifikatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:
-hamilə qadınlar;
-uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
-ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində;
-azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.