BAKI, 29 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Prezidentin köməkçisi Anar Ələkbərov martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış Milli Məclisin deputatı Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb.
Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Millət vəkilinə dövlət başçısının və birinci xanımın şəfa diləklərini çatdıran Anar Ələkbərov bildirib ki, Prezident İlham Əliyev onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Diqqətə çatdırılıb ki, xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən hüquq-mühafizə orqanlarına göstəriş verilib.
Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib, hadisənin onu sarsıtmadığını vurğulayaraq, həmişə olduğu kimi bundan sonra da dövlətçilik ideyalarına sadiq qalacağını və heç nəyin onu bu yoldan çəkindirə bilməyəcəyini deyib.
Xatırladaq ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 "Z" ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.