BAKI, 29 mart — Sputnik. Azərbaycanda pensiyaçıların sayı azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 114,2 min pensiyaçı qeydiyyatda olub. 2022-ci il yanvarın 1-i vəziyyətinə isə bu rəqəm 1 milyon 200,5 min idi. Beləliklə, pensiyaçıların sayı 86 min 300 nəfər azalıb.
Pensiyaçıların azalması ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, azalmanın əsas səbəbi pensiya yaşının kəskin artırılmasıdır:
"Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır. Başqa sözlə, "Əmək pensiyaları haqqında" qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və qadınların da pensiya yaşı 65 yaşa çatdırılacaq".
Saxta və əsassız pensiya işləri ləğv edilib
İqtisadçı qeyd edib ki, azalmanın digər səbəbi saxta və əsassız pensiya işlərinin ləğv edilməsidir. Bu sahədə şəffaflaşma və həmçinin qaydaların sərtləşdirilməsi həyata keçirilib. Əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar pensiyaya çıxmaq qaydalarında da müəyyən sərtləşmə olub. Bu da nəticədə pensiyaçıların sayının azalmasına gətirib çıxardıb.
Onun sözlərinə görə, bu gün cəmiyyətlərin ən böyük problemi pensiyaçıların əhalinin yaş strukturunda faizinin qalxması yox, gənclərin artırılmasıdır. İnkişaf etmiş ölkələrin ən böyük problemlərindən biri pensiyaçıların əhalinin yaş strukturunda faizinin artmasıdır. Məsələn, bu gün Almaniya miqrasiya ilə bağlı qanunvericiliyi liberallaşdırır. Almaniya yüksək ixtisaslı işçi qüvvəsinin cəlbi üçün ölkəyə girişi və onlara vətəndaşlıq verməyi asanlaşdırır ki, hər il 400 min işçi ölkəyə gəlsin.
"Pensiyaçıların, yaşlı təbəqənin əhalinin yaş strukturunda faizinin artması arzumuz, istəyimiz deyil", - deyə o əlavə edib.
Pensiyaçıların sayında artım proqnozlaşdırılır
Qeyd edək ki, bu il Azərbaycanda pensiyaçıların sayında artım proqnozlaşdırılır. Bu məsələ "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyində öz əksini tapıb.
Sənədə deyilib ki, bu ilin sonunda pensiyaçıların sayında müsbət dinamikanın olacağı proqnozlaşdırılır. Bu da kişilər üzrə yaşa görə pensiyanın təyin edilməsi üçün müəyyən edilmiş yaş həddinin sabitləşməsi, müraciət hüququ qazanan şəxslərin sayının artması nəticəsində yeni təyin edilmiş işlərin sayının uçotdan çıxarılmış işlərin sayından çox olması ilə əlaqədardır.
Hesablama Palatası bu ildən başlayaraq pensiyaçıların sayında nəzərdə tutulmuş artımın əsasən həm pensiya təyinatı üçün müraciət edəcək şəxslərin sayının artması, həm də qanunvericilik üzrə şərtlərin optimallaşdırılması ilə əlaqəli olması qənaətindədir.
2018-ci ildən başlayaraq pensiyaçıların sayında azalma var
Sənədə əsasən, pensiyaçıların sayında baş verən azalma 2018-ci ildən başlayaraq müşahidə edilir. Bu da 2017-ci ilin 1 iyul tarixindən "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişiklikdən sonrakı dövrdə pensiya təyinatı üzrə müəyyən edilmiş şərtlərin əvvəlki illərlə müqayisədə sərtləşdirilməsi və nəticədə pensiya hüququ qazanan şəxslərin sayının qeydiyyatdan çıxarılan şəxslərin sayından az olması ilə əlaqədardır.
Hesablama Palatasının rəyinə görə, əlilliyə görə təyin edilmiş pensiya işlərinin sayında müşahidə edilən azalma əvvəlki dövrlərdə barəsində əlillik dərəcəsi müəyyən edilmiş şəxslər tərəfindən əlillik dərəcəsinin qüvvədə olma müddəti başa çatdığı hallarda müddətin artırılması üçün yenidən müraciət edilməməsi, yaxud müraciət edilməsi hallarında isə çox zaman göstəricilərin əlilliyin müəyyən edilməsi üçün əsaslı olmaması səbəbindən əlillik dərəcəsinin ləğv edilməsi və nəticədə pensiya ödənişinin dayandırılması ilə izah oluna bilər.
Qeyd edilməlidir ki, 2017-ci ildə qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində həm yaşa görə, həm də əlilliyə görə yeni təyin edilmiş pensiya işlərinin sayının kəskin azalmasının qarşısının alınması məqsədilə 2019-cu ilin yanvar ayından "Əmək pensiyaları haqqında" qanuna "Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri" adlı maddə əlavə edilib. Bu maddəyə əsasən 2019-cu il 1 yanvar tarixindən başlayaraq şəxsə əmək pensiyası təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduğu halda yaşa görə əmək pensiyası növündə onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, əlilliyə görə əmək pensiyası növündə isə onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır. Bu da mövcud şərtlər daxilində pensiya hüququ qazanan şəxslərin sayının sabitliyinin qorunması baxımından, eləcə müəyyən edilmiş yaş həddinə çatmış, yaxud əmək qabiliyyətini itirmiş şəxslərin sosial müdafiəsi baxımından effektiv addımdır.
Pensiyaçılar ölkə əhalisinin 11 faizini təşkil edir
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1114,2 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1200,5 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 11 faizini təşkil edir. Onların 62,5 faizi yaşa, 24,5 faizi əlilliyə, 13 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Əmək pensiyasının minimum məbləği 16,6 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
Müavinət alanların sayı artıb
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2023-cü ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 128,3 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 113,6 min) nəfər, əlilliyə görə - 46,7 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi min 209,5 min (müvafiq olaraq 55,8 min və 206,1 min) nəfər, ailə başçısını itirməyə görə - 56,1 min (54,3 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 24,3 min (22,9 min) nəfər olub.
Xatırladaq ki, "Əmək pensiyaları haqqında" qanuna görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.