BAKI, 28 mart — Sputnik. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İordaniya Haşimilər Krallığının Amman, İrbid, Karak əyalətlərində və Qazaxıstan Respublikasının Karağandı vilayətində dabaq, Amerika Birləşmiş Ştatlarının Minnesota, Merilend, Texas ştatlarında isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentiyindən məlumat verilib.
Bildirilib ki, həmin ərazilərdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və xəstəliklərə görə epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi" nəzərə alınaraq, dabaq və yüksək patogen quş qripi xəstəliklərinə görə qeyd olunan ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.