BAKI, 28 mart — Sputnik. ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel keçirdiyi növbəti brifinqdə deyib.
O, Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını xatırladıb.
"Dövlət katibinin (ABŞ dövlət katibi Entoni Blinken - red.) əvvəllər qeyd etdiyi kimi, birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün açardır. Biz Ermənistan və Azərbaycan arasında həm ikitərəfli əsasda, həm də tərəfdaşlarla, eləcə də çoxtərəfli təşkilatlar çərçivəsində danışıqlara kömək etməyə davam edəcəyik", - Patel əlavə edib.
Martın 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub. Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.