BAKI, 28 mart — Sputnik. Çin "Şimal axını"nda baş verən partlayışlarla bağlı təhqiqatın sürətli irəliləyişinə ümid edir və istəyir ki, həqiqət üzə çıxsın və günahkarlar cəzalandırılsın.
Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurası "Şimal axını"nda terror aktını araşdırmaq üçün BMT-nin himayəsi altında beynəlxalq komissiyanın yaradılmasını nəzərdə tutan Rusiya qətnamə layihəsini qəbul etməyib. Çünki yalnız Rusiya Federasiyası, Çin və Braziliya bunu dəstəkləyib Təhlükəsizlik Şurasının digər üzvləri bitərəf qalıb.
Amerikalı jurnalist, “Pulitzer” mükafatı laureatı Seymur Herş fevralın 8-də "Şimal axını" partlayışları ilə bağlı araşdırmasını dərc edib və həmin araşdırmada mənbəyə istinadən bildirib ki, partlayıcı qurğular 2022-ci ilin iyununda ABŞ Hərbi Dəniz Qüvvələrinin Baltops təlimləri zamanı norveçli dalğıc mütəxəssislərin dəstəyi ilə Rusiya qaz kəmərlərinin altına yerləşdirilib.
Herşin sözlərinə görə, əməliyyata başlamaq qərarı ABŞ Prezidenti Co Bayden tərəfindən milli təhlükəsizlik məsələləri ilə məşğul olan administrasiya rəsmiləri ilə 9 aylıq müzakirələrdən sonra verilib.
Daha sonra Pentaqon bildirib ki, keçən il Rusiya qaz kəmərlərinin partladılması ilə ABŞ-ın heç bir əlaqəsi yoxdur.
Xatırladaq ki, terror aktı ötən il sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"yə baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
Qeyd edək ki, terror aktından zərər çəkmiş boru kəmərlərində aparılan təmir işlərinin dəyəri ən azı 500 milyon dollar qiymətləndirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.