RUSİYA

Zaxarova: Rus mədəniyyətini ləğv etmək cəhdləri Rusiya üçün bir sınaqdır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qərbin rus mədəniyyətini ləğv etmək cəhdləri keçib gedəcək, amma mədəniyyətimiz qalacaq.
Sputnik
BAKI, 27 mart — Sputnik. Qərbin rus mədəniyyətini ləğv etmək cəhdləri Rusiya üçün bir sınaqdır. Bu, keçəcək, amma mədəniyyətimiz qalacaq, ona görə də bu ləğvlə mübarizə özlüyündə məqsədə çevrilməməlidir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə danışıb.
"Mədəniyyətimizin ləğvindən, bu sahədə olan cəhdlərdən danışanarkən - bunların hamısı cəfəngiyyatdır. Bu, keçib gedəcək", - deyə Zaxarova "Sirius" mərkəzində keçirilən "Birincilərin marafonu"nda bildirib.
O, əlavə edib ki, rus mədəniyyətinin ləğvinə yönəlmiş "aqressiv dalğa" tezliklə səngiyəcək və buna diqqət yetirmək lazım deyil.
"Biz bunu yalnız o mənada rəhbər tutmalıyıq ki, bizdə hər şey sabit və düzgün olub-olmadığını yoxlamalı, yarımçıq qalan heç nəyin olmadığına diqqət verməliyik. Bu, bizim üçün bir sınaqdır", - deyə Zaxarova əlavə edib.
O qeyd edib ki, rus mədəniyyətinin ləğvinə qarşı mübarizə özlüyündə bir məqsəd olmamalıdır.
"Hər şey keçib gedəcək və biz mədəniyyətimizlə daha da irəli gedəcəyik, insanları ardımızca aparacağıq", - deyə Zaxarova sözünü yekunlaşdırıb.
"Birincilərin marafonu" - çərçivəsində "Böyük Dəyişiklik" Ümumrusiya müsabiqəsinin dördüncü mövsümü açılacaq bir marafondur. O, bazar ertəsi "Sirius" da açılıb, iki mindən çox məktəbli və mindən çox müəllimi toplayıb.
Xatırladaq ki, Qərb ölkələri Ukraynaya görə Rusiya Federasiyasına sanksiya təzyiqlərini artırıb, üstəlik, bir sıra xarici ölkələrdə misli görünməmiş səviyyədə rusofobiya qeydə alınıb. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, rusiyalılara və rusdilli vətəndaşlara qarşı təcavüz aktları rusiyalı tələbələrə, idmançılara, mədəniyyət və incəsənət işçilərinə təsir edir. Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Qərb rusofobiyası irqçilikdən başqa bir şey deyil. O, rus mədəniyyətini "ləğv etməyə çalışanları" axmaq adlandırıb və bu cür hərəkət edənlərin özlərini dünya mədəniyyətinin bir hissəsindən məhrum etdiklərini vurğulayıb.