SƏHİYYƏ

ÜST Azərbaycanı "malyariyadan azad" ölkə kimi sertifikatlaşdırıb

Vaxtilə Orta Asiya, Cənubi Qafqaz, o cümlədən Azərbaycanda geniş yayılmış və əhalinin böyük tələfatına səbəb olmuş malyariya xəstəliyi azalıb
Sputnik
BAKI, 27 mart — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı "malyariyadan azad" ölkə kimi sertifikatlaşdırıb. Bu barədə ÜST-ün Avropa Regional Ofisi məlumat yayıb.
ÜST Azərbaycanla yanaşı, Tacikistanı da "malyariyadan azad" ölkə kimi sertifikatlaşdırıb.
Bildirilib ki, bu nailiyyət səhiyyə işçilərinin davamlı fədakarlığı, eləcə də malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi ilə mümkün olub.
Məlumat üçün bildirək ki, Malyariya paraziti mikroskopik ölçüyə malikdir. Bu paraziti insana anofeles cinsindən olan ağcaqanadlar keçirir. Parazitlə yoluxmuş ağcaqand sağlam insanı sancdıqda parazit insanın qanına keçir. Qana keçmiş parazitlər qaraciyər toxumasına daxil olur. Burada parazitlər böyüyür və çoxalır: nəticədə çoxlu miqdarda cavan hüceyrələr (parazitlər) əmələ gəlir, çoxalma yenidən təkrar olunur. Əmələ gəlmiş yeni cavan parazitlər qanın qırmızı qan cisimcİklərinə daxil olur, orada qeyri-cinsi yolla yuxarıdakı qaydada (qaraciyər toxumasında olduğu kimi) təkrarən yenidən bölünür, nəticədə qırmızı qan cisimcik partlayır. Qanın plazmasına tökülən parazitlər yeni sağlam eritrositlərə daxil olur və həmin proses yenidən təkrar olunur.
Müəyyən müddətdən sonra insanın qanında olan parazitlərin çoxalması dayanır və onların sonrakı inkişafı üçün ağcaqanadın bədəninə düşməsi lazımdır. Orta Asiya, Cənubi Qafqaz, o cümlədən Azərbaycanda bu xəstəlik vaxtilə geniş yayılmış və əhalinin böyük tələfatına səbəb olmuşdu. Lakin alimlərin əməyi sayəsində xəstəliyə qarşı elmi əsaslı mübarizə tədbirləri işlənib hazırlanıb. Malyariya yayılmış rayonların ərazisində olan müxtəlif bataqlıqlar qurudulmuş və ya oraya neft çilənmiş, zəhərli maddələr tökülmüş, yaxud durğun sulara ağcaqanad sürfələri ilə qidalanan hambuziya balıqları buraxılmışdı. Bu xəstəliyin azalmasına baxmayaraq, onun kökü hələlik kəsilməmişdir. Koksidlər sinifinə daxil olan hüceyrədaxili digər parazitlər kənd təsərrüfatı heyvanlarında, xüsusilə quşlarda mühüm xəstəlik (eymerioz) əmələ gətirir. Bu xəstəlik Azərbaycanda da geniş yayılmışdı.