BAKI, 27 mart — Sputnik. Rusiyanın unikal silahı var və istənilən düşməni, o cümlədən ABŞ-ı onun mövcudluğuna təhlükə yaradarsa, məhv edə bilər. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Rossiyskaya qazeta"ya ABŞ hərbi təyyarəsinin Sankt-Peterburqa simulyasiya edilmiş nüvə zərbəsini şərh edərkən bildirib.
"Amerikalı siyasətçilər nədənsə əmindirlər ki, Rusiya ilə birbaşa münaqişə yaranarsa, ABŞ qabaqlayıcı raket zərbəsi endirməyə qadirdir, bundan sonra Rusiya artıq cavab verə bilməyəcək. Bu, axmaqlıqdır və çox təhlükəlidir", - Patruşev deyib.
Onun sözlərinə görə, Qərbdə müəyyən qüvvələr tarixin dərslərini unudaraq, Rusiya üzərində hərbi qələbəyə səbəb olacaq revanş haqqında düşünürlər.
"Rusiya səbirli olsa da və öz hərbi üstünlüyü ilə heç kəsi qorxutmasa da, onun mövcudluğu üçün təhlükə yaranarsa, istənilən rəqibi, o cümlədən ABŞ-ı məhv etməyə qadir olan müasir unikal silahları var", - deyə Təhlükəsizlik Şurasının katibi bildirib.
Xatırladaq ki, daha əvvəl bəzi KİV-lərdə Amerika strateji bombardmançısı "B-52H Stratofortress"in Baltik dənizindəki Qotland adasından 200 kilometr hündürlükdən Sankt-Peterburqa şərti nüvə zərbəsi endirməsi barədə məlumatlar yayılmışdı.