MƏDƏNİYYƏT

Parisdən iki böyük dastanın əlyazma nüsxələrinin surətləri əldə edilib

Paşa Kərimov Paris Milli Kitabxanasından "Əsli və Kərəm" və "Aşıq Qərib" dastanlarımızın ərəb qrafikası ilə yazıya alınmış variantlarının surətlərini əldə edib
Sputnik
BAKI, 27 mart — Sputnik. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov Paris Milli Kitabxanasından "Əsli və Kərəm" ("Hekayəti-Kərəm" adı ilə) və "Aşıq Qərib" ("Aşıq Qərib və Şahsənəm xanım" adı ilə) dastanlarımızın XIX əsrdə ərəb qrafikası ilə yazıya alınmış variantlarının surətlərini əldə edib.
Bu barədə AMEA-dan məlumat verilib.
Bildirilib ki, "Hekayəti-Kərəm" adlı birinci əsər 157 səhifədən ibarətdir. 1850-ci ildə nəstəliq xətti ilə köçürülüb. Hadisələr Bakı nəşrlərindən fərqli olaraq İsfahanda deyil, Şirazda cərəyan edir.
İkinci əlyazma "Aşıq Qərib" dastanının ən qədim nüsxəsidir. 1838-1839-cu ildə nəstəliq xətti ilə köçürülüb. 65 səhifəlik əlyazmanın nəzm hissəsi əsasən qoşmalardan ibarətdir.
Azərbaycan məhəbbət dastanları arasında orijinallığı və qeyri-adi sonluğu ilə seçilən "Əsli və Kərəm" dastanı da əsasən məzmun və mahiyyət etibarilə yad təsirə məruz qalmış Azərbaycanın xalq ədəbiyyatı nümunələrimizdən sayıla bilər. Tədqiqatçıların rəyinə görə, "Əsli və Kərəm" dastanı əsasən XVI əsrin əvvəllərində yaranmış və həmin əsrdə də formalaşmağa başlamışdır. "Əsli və Kərəm"in Orta Asiya, Kiçik Asiya və Yaxın Şərqdə orijinal variantları mövcuddur.
"Aşıq Qərib" dastanı Cənubi Qafqaz, Orta Asiya və Yaxın Şərqdə geniş yayılan xalq nağılıdır. Həmçinin bu əsər aşıqlar tərəfindən ifa olunan lirik dastan sayılır.
Dastan oğuz-türk mənşəlidir. 1837-ci ildə Mixail Lermontov nağılın Azərbaycan versiyasını ilk dəfə yazdıqdan və yazı 1846-cı ildə dərc olunduqdan sonra, əsər rusdilli mühitdə geniş şöhrət qazanıb. Bundan başqa erməni, gürcü, türk, türkmən və s. versiyalar da mövcuddur. Gürcülər və ermənilərin arasında Aşiq Qərib barədə rəvayət azərbaycan xalqı ilə ünsiyyət nəticəsində yayılıb.