SƏHİYYƏ

COVID-19 pasportu tələbi ləğv edilib

Müəyyən olunmuş yerlərə daxil olmaq üçün COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv olunub
Sputnik
BAKI, 27 mart — Sputnik. Azərbaycanda bir sıra yerlərə, o cümlədən iri ticarət mərkəzləri, mehmanxana və şadlıq saraylarına girişdə COVID-19 pasportu tələbi ləğv edilib.
Bununla bağlı "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə" sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv olunub.
Xatırladaq ki, 2021-ci il oktyabrın 1-dən Azərbaycanda bir sıra yerlərə, o cümlədən iri ticarət mərkəzləri, mehmanxana və şadlıq saraylarına girişdə COVID-19 pasportu tələb olunurdu.