TƏHLİL

Azərbaycanın erməni icmasına görüş təklifi: limit bitəndə lazımi addımlar atılacaq

Mövcud Ermənistan hakimiyyətinin xarici təsirlər altında verdiyi açıqlamalar danışıqlar prosesini dalana dirəyir.
Sputnik
BAKI, 27 mart — Sputnik. Azərbaycan-Ermənistan arasında sülh danışıqları ilə bağlı proses gərgin olaraq qalır. Ermənistan tərəfinin gün ərzində dəyişən müxtəlif məzmunlu açıqlamaları bu ölkənin danışıqlar prosesində qərarsızlığını göstərir. Mövcud Ermənistan hakimiyyətinin xarici təsirlər altında verdiyi açıqlamalar danışıqlar prosesini dalana dirəyir. Rəsmi Bakı isə bu xarici təsirləri anlayır və inadla danışıqlar prosesinin davam etdirilməsində maraqlı olduğunu bildirir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edib.
Sputnik Azərbaycan Azərbaycan-Ermənistan arasında gərgin münasibətlər fonunda regionda proseslərin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı millət vəkili Arzu Nağıyevin və politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Politoloq Arzu Nağıyev
Millət vəkili Arzu Nağıyev hesab edir ki, Azərbaycan tərəfinin erməni icması ilə martın 1-də keçirdiyi görüş sonradan kimlərəsə sərf etməyib: "Həm atəşkəsin pozulması, həm də digər təxribatlar törədildi ki, ikinci görüş baş tutmasın. Erməni icması bu görüşlərdə reinteqrasiya məsələsinin gündəmdə olduğunu inkar etməyə başladı. Amma Azərbaycan tərəfi humanist addım ataraq yenidən danışıqların keçirilməsini təklif etdi. Separatçılar isə prosesin dalana dirənməsi üçün absurd şərtlərlə çıxış etdilər. Onlar danışıqlar prosesində özlərini müstəqil tərəf kimi təqdim etməyə cəhd edirlər, ancaq bu Azərbaycan üçün qəbuledilməzdir. Qarabağ münaqişəsi tarixin çevrilmiş səhifəsidir. Artıq münaqişə bitib və indi bölgədə dinc birgə yaşayışın təmin edilməsi üçün zəruri addımlar atılmalıdır".

Millət vəkili bildirib ki, məhz Azərbaycan tərəfi erməni əsilli vətəndaşlarının reinteqrasiyası üçün bu danışıqları təşkil edir: "Amma görünən odur ki, kənar təsirlər erməni icmasına sağlam qərarlar qəbul etməyə imkan vermir. Bunun nəticəsi olaraq da onlar öz gələcəklərini hansısa xarici qüvvələrin ixtiyarına təslim etmiş olurlar. Bu qüvvələr arasında həm beynəlxalq təşkilatlar, həm də bir sıra dövlətlər var".

"Düşünürəm ki, Azərbaycan tərəfinin aprelin birinci həftəsində Bakıda görüşün keçirilməsi ilə bağlı təklifinə erməni icması ciddi yanaşmalıdır. Erməni icması öz gələcəyini düşünürsə, Azərbaycan Konstitusiyasına zidd hərəkət etməmiş şəxslərdən ibarət nümayəndə heyətini Bakıya göndərməlidir. Azərbaycan tərəfi onların təhlükəsizlik məsələsini tam şəkildə təmin edəcək. Erməni icması kiminsə diktəsi altında öz gələcəyinə biganə qalmamalıdır", - deyə Arzu Nağıyev qeyd edib.
Politoloq İlyas Hüseynov isə bildirib ki, hazırda Azərbaycan-Ermənistan arasındakı danışıqlar prosesində əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır: "Sülh müqaviləsi ilə bağlı müzakirə predmetləri eyni zamanda bir sıra regional önəm daşıyan məsələləri ehtiva edir. Azərbaycan regional sülhün möhkəmləndirilməsi mövqeyindən çıxış edir. Digər bir tərəfdən Qarabağdakı erməni vətəndaşlarımızın Azərbayan cəmiyyətinə reinteqrasiyası üçün rəsmi Bakı tərəfindən danışıqlar formatı işə salınıb".
İlyas Hüseynov
Politoloq xatırladıb ki, bu xüsusda Rusiya sülhməramlı kontingentinin nümayəndələrinin də iştirakı ilə ilk görüş Xocalıda baş tutub: "Rəsmi Bakı prosesin də davam etdirilməsində qərarlıdır və növbəti görüşlərin Gəncə, Bakı, Ağdamda keçirilməsini təklif edib. Erməni icması isə Bakıda görüş keçirilməsi təklifini qəbul etmədi. Bunu da Rusiya sülhməramlılarının həmin görüşdə iştirak etməməsi ilə əsaslandırır. Ancaq bütün maraqlı tərəflərə aydın olmalıdır ki, Azərbaycanın təklifləri limitsiz deyil və biz dinc münasibətlərin formalaşmasının tərəfdarı kimi çıxış edirik. Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bölgədə təhlükəsizlik arxitekturasının gücləndirilməsindən yanadır".
Politoloq vurğulayıb ki, Azərbaycan sərvətlərinin talan edilməsinə qarşı çıxır və məhz buna görədir ki, Azərbaycan eko-fəalları 106 gündür Laçın-Xankəndi yolunda etirazlarını davam etdirirlər:
"Eyni zamanda Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımalar həyata keçirilirdi, həmçinin yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi ilə bağlı işlər gedirdi. Azərbaycan Ordusunun gördüyü tədbirlər nəticəsində bu yollar da nəzarətə götürüldü. Rəsmi Bakı bütün addımları ilə sübut edib ki, bölgədə sülhün alternativi yoxdur və təhlükəsizliyimizə qarşı istənilən addımların qarşısı alınacaq. Düşünürəm ki, Qarabağdakı ermənilər də bütün bu baş verənləri anlamalı və Azərbaycan tərəfinin təkliflərinə ciddi yanaşmalıdırlar. Azərbaycan təkliflər limiti bitəndə lazımi addımları atacaq".