DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə prezidentliyə namizədlər arasında ən çox tənqid hədəfi olan kimdir?

Türkiyəli pianoçu Fazıl Say yazıb ki, bu xalqın savadsızlığa, mədəniyyətsizliyə, adi bir şoumenə, "ikinci bir RTE hadisəsi"nə səs vermək lüksü yoxdur.
Sputnik
BAKI, 26 mart - Sputnik. Türkiyəli pianoçu, sosial şəbəkə fenomeni Fazıl Say, prezidentliyə namizəd olan Məmləkət Partiyasının sədri Məhərrəm İncəni (Muharrem İnce) müxalifəti parçalamaqda günahlandırıb.
"Belə kritik bir seçkidə, uğura və maariflənməyə bu qədər yaxın olduğumuz bir vaxtda, o, birliyə nail olmuş müxalifətin səsinə göz dikib. Bu, xalqa edilən pislikdir. Bu xalqın savadsızlığa, mədəniyyətsizliyə, adi bir şoumenə, ikinci bir RTE (Rəcəb Tayyib Ərdoğanın adının abbreviaturası - red.) hadisəsinə səs vermək lüksü yoxdur", - pianoçu bildirib.
İncənin sosial media hesabından videosunu sitat gətirən Say həmçinin yazıb: "Aldığı səs 2% olsa nə olacaq, 3% olsa nə olacaq? Bu, onun öz işinə yarayarmı? İllərlə, illər boyu böyük bir səs blokunu məğlub etmək, qeyri-mümkün olanı bacarmaq üçün bu qədər zəhmət çəkmiş bir ittifaqı məhv etməkdən başqa nəyə yarayacaq? Guya qorxuruq. Qorxutmaq məgər hünərdir?".
Məhərrəm İncə sosial şəbəkə hesablarında və KİV-də ən çox tənqid edilən namizəd hesab olunur. Onu müxalifətin səslərini parçalamaqla hazırkı Ərdoğan iqtidarının devrilməsinə maneçilik törətməkdə günahlandırırlar.
Xatırladaq ki, Türkiyədə ümumi parlament və prezident seçkiləri mayın 14-nə təyin edilib.
Martın 27-dək prezidentliyə namizədlərin yekun olaraq irəli sürülməsi üçün onlar 100 min seçici imzası olan protokolları Türkiyə MSK-ya təqdim etməlidirlər.
Artıq 18 nəfərin Yüksək Seçki Qurumuna (Mərkəzi seçki komissiyası - YSK) müraciət etdiyi bildirilir. YSK sənədlərində səhvə yol verildiyi deyilən bəzi namizədlərin müraciətlərini rədd edib.
Türkiyədə parlamentdə qrupu olan və ya son parlament seçkilərində 5 faizdən çox səs toplayan partiyalar, habelə 100 min imza toplayanlar prezidentliyə namizədliyini irəli sürə bilər.
Rəcəb Tayyib Ərdoğan
İndiyədək YSK-yə ərizə verən və siyasi partiyalardan irəli sürülən namizədlərin başında hazırkı prezident, AKP-nin sədri Rəcəb Tayyip Ərdoğan gəlir. O, Cümhur İttifaqının vahid namizədi olaraq ikinci, ümumilikdə isə üçüncü dəfə prezidentliyə namizəd olacaq.
Ərdoğan 2014-cü ildəki prezident seçkilərində 51,79 faiz, 2018-ci ildə isə 52,59 faiz səs toplayıb. Onu AKP-dan başqa MHP, BBP və HUDA-PAR partiyası dəstəkləyir.
AKP və MHP-nin parlament qrupları martın 16-da ayrı-ayrılıqda keçirdiyi qapalı qrup toplantılarında Rəcəb Yayyib Ərdoğanın prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qrup qərarı verib.
Kemal Kılıçdaroğlu
Millət ittifaqı blokunun vahid namizədi CHP sədri Kemal Kılıçdaroğlu prezidentlik uğrunda mübarizəyə ilk dəfə qatılacaq.
Kılıçdaroğluna dəstək verəcəklərini bəyan edən partiyalar arasında CHP, İYİ, DEVA, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası, Xalq Qurtuluş Partiyası, Türkiyə Dəyişiklik Partiyası və Türkiyə Kommunist Partiyası var.
Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyinin irəli sürülməsinə qərarı CHP və İYİ partiyasının parlament qrupları verib.
Məhərrəm İncə
2018-ci ildə CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə Rəcəb Tayyib Ərdoğana qarşı yarışmada ikinci yeri qazanıb.
Lakin seçkilərdən sonra CHP-dən ayrılan siyasətçi Məmləkət Partiyasını təsis edib. Hazırda cənab İncəni dəstəkləyən yeganə siyasi qurum lideri olduğu Məmləkət Partiyasıdır.
Məhərrəm İncə qatıldığı televiziya proqramında əgər Kılıçdaroğlu və Ərdoğan seçkinin ikinci turunda qalarsa, Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirib.
Doğu Perinçek
Prezidentliyə namizədlər siyahısında Vətən Partiyasının lideri Doğu Perinçekin də adı var. O, 2018-ci ildəki seçkilərdə səslərin 0,2 faizini qazanıb.
Onu yalnız Vətən Partiyası dəstəkləyir.
YSK-ya namizədlik üçün müraciət edərkən, Perinçek ikinci tura gedəcəyinə inandığını açıqlayıb.
Fatih Erbakan
Rifah Partiyasının lideri Fatih Erbakan AKP təmsilçiləri ilə danışıqlardan sonra Cümhur İttifaqına girməyəcəyini və partiyasından prezidentliyə namizəd qalacağını açıqlayıb.
"Onları daha sonra, vaxtı çatanda ətraflı izah edəcəyik, hələlik bununla kifayətlənək”, - deyən Fatih Erbakan vaxtilə fəaliyyəti dayandırılan Rifah Partiyasının lideri Necmettin Erbakanın oğludur.
Sinan Oğan
MHP-in sabiq üzvü, 2011-15-ci illər arasında millət vəkili olan Sinan Oğan Ata İttifaqının namizədidir.
2015-ci ildə MHP başqanlığına namizəd olan Oğan partiyadan xaric edilsə də, məhkəməyə müraciət edərək partiyada üzvlüyünü bərpa edib.
O, 2017-ci ildə ölkənin prezident sisteminə keçidi ilə bağlı referenduma qarşı çıxacağını açıqlayandan sonra digər MHP fəalları ilə birlikdə yenidən partiyadan xaric edilib.
Hazırda Oğanı Zəfər, Ölkəm və Türkiyə İttifaq partiyaları dəstəkləyir.
Ahmet Özal
Sabiq prezident Turqut Özalın oğlu, Tek Partiyasının lideri Ahmet Özal Türk İttifaqının namizədidir.
Ahmet Özal ötən yay verdiyi müsahibədə “Ərdoğan və Kılıçdaroğlu ikinci tura qalsa, mən tərəf tutmayacağam” demişdi.
Özala dəstək verən Türk İttifaqına Anadolu Birliyi Partiyası, Müstəqil Respublika Partiyası, Osmanlı Partiyası, Texnologiya İnkişaf Partiyası (Tek Parti), Vətənpərvərlər Partiyası, Yenidən Ana Vətən və Yeni Yol Partiyası daxildir.
İrfan Uzun
Ədalət Birliyi Partiyasının sədri İrfan Uzun namizədlik üçün YSK-ya müraciət edib.
O, Türkiyənin dəyişikliyə ehtiyacı olduğunu, gənclərin idarəçiliyə cəlb edilməsi üçün mübarizəyə qatıldığını deyib.
İrfan Uzun həmçinin prezidentliyə ən gənc namizəd olduğunu vurğulayır.
Halil Murat Ünver
Halil Murat Ünver Kırıkkale Universiteti Kompüter Mühəndisliyi Bölümünün müəllimidir. O, namizədliyi üçün ərizəsini YSK-ya təqdim edib. Dr. Ünver ölkədə islahata ehtiyac olduğunu deyir.
“İndiki siyasətçilərlə bu mümkün deyil. Çarə qısa müddətli texnokratik idarəetmədir”, - o, özünün Twitter hesabında yazıb.