BAKI, 26 mart - Sputnik. İsrail Prezidenti İsxak Hersoq Azərbaycan səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Bu barədə israilli siyasətçi öz Twitter hesabında yazıb.
“Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanın İsraildəki birinci səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsi münasibətilə təbrik edirəm! Bu təyinat diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz üçün mühüm məqamdır”, - İsrail lideri sosial şəbəkədə qeyd edib.
Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.
“Azərbaycan Respublikasının ilk səfiri kimi İsrail Dövlətinin Prezidentinə etimadnaməmi təqdim etməkdən şərəf və qürur duyuram”, - M. Məmmədov öz sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.
Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Muxtar Məmmədov etimadnaməsinin surətini hələ martın 2-də İsrail Xarici İşlər Nazirliyinin (XİN) Protokol şöbəsinin rəisi Gil Haskelə təqdim edib.