BAKI, 26 mart - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Mariupol şəhərinə səfəri zamanı şəxsi təhlükəsizliyi üçün gördüyü tədbirdən bəhs edib.
O, "Rossiya 1" telekanalının efirində "Moskva. Kreml. Putin" proqramının aparıcısı Pavel Zarubinə müsahibəsində avtomobildə hərəkət edən zaman təhlükəsizlik kəmərini taxmadığını bildirib.
Dövlət başçısı bunu ehtimal edilən təhlükə ilə əlaqələndirib: “Mariupol küçələrində avtomobilimi idarə edərkən bilərəkdən təhlükəsizlik kəmərini taxmamışdım. Çünki belə şəraitdə kəməri taxmamaq daha yaxşıdır. Bu avtomobili tez tərk etmək üçün lazımdır”.
Qeyd edək ki, martın 19-da V.Putin Mariupola səfər edib.
Xatırladaq ki, Donetsk vilayətinin cənubunda yerləşən Mariupol uğrunda ötən il ağır döyüşlər gedib. Rusiya qoşunları şəhəri 81 gün mühasirədə saxlayıb.
2022-ci il mayın 20-də Mariupol Rusiya silahlı qüvvələrinin əlinə keçib.