CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nənəsinin cehizləri ilə videolar çəkən blogerin işləri insanları keçmişə qaytarır

Müsahibimiz hərdən bəzi izləyicilərin şərhlərindən incidiyini dilə gətirib. Onun sözlərinə görə, retro mahnıları, antik əşyaları sevənlər qədər, bəyənməyənlər də var.
Sputnik
BAKI, 26 mart — Sputnik. Nərmin Ağaməmmədova videoblogerdir. Hazırda uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində çalışıran gənc bloger uşaqlıqdan antik əşyalara xüsusi maraq və sevgisinin olduğunu söyləyir. Hər paylaşımında insanlara nostaji hislər yaşadan Nərminin məqsədi adət və ənənələrimizi, zəngin mətbəximizi hər kəsə tanıtmaq və bu gözəlliklərin unudulmamasıdır:

"Rəhmətlik böyük nənəm nə iş görərdisə, yanına çağırıb "gəl sən də izlə" deyirdi. Demək olar ki, bütün qədimi yeməklərimizin hazırlanma qaydasını anam və böyük nənəmdən öyrənmişəm. Zamanla bəzi yeməklərin və şirniyyatların tərkibi dəyişilsə də mən çalışıram ki, nənəmin hazırladığı kimi hazırlayım. İzləyicilərimi də cəlb edən elə budur".

Milli mətbəximizi, adət-ənənələrimizi dünyaya çatdırmağı qarşısına məqsəd qoyan müsahibimiz hər videosunda ən incə detallara da diqqət etdiyini söyləyir.
Onun sözlərinə görə, izləyicilər hər şeyə həssaslıqla yanaşır. Ona görə də bu videoları zərgər dəqiqliyi ilə ərsəyə gətirir:
"Çalışıram heç bir detalda yanlışlığa yol verməyim. Adi bir əşya da müasir dövrə aid olsa, tamaşaçı bunu hiss edəcək. Özümü bəzən tarixi film çəkən rejissor kimi hiss edirəm. Çalışıram səhv etməyim. Amma bəzən tarixi filmlərin çəkilişində də səhv olur".
Videolarda istifadə olunan əşyalara gəldikdə isə həmsöhbətimiz bildirir ki, onlar mərhum nənəsinin cehizləridir:

"Əşyaların çoxu nənəmin cehizi olub. Nənəm onları göz bəbəyi kimi qoruyub, anam üçün saxlayıb. Anam da nənəmin cehizlərini qoruyub, mənim üçün saxlayıb. Məsələn, bir taxta qab var, onun 1 əsrdən çox yaşı var. İstifadə etdiyim həvəngdəstənin isə 70-dən artıq yaşı var. Tamaşaçıların ən çox diqqətini çəkən əşyalardan biri də zənbildir. Qədimdə polietilen torbalar yox idi, insanlar o zənbilləri götürüb bazara gedərmişlər. Nənəmdən miras qalan zənbilin 50 yaşı var. Onu nənəm toxuyub".

Blogerin izləyicilərinin əksəriyyəti şərhlərdə ona xoş sözlər desə də, irad bildirənlər də az deyil:
"Videoları çəkəndə elə də ciddi çətinliyim olmur. Lakin, hərdən bəzi izləyicilərin şərhləri ilə üzləşmək çətin olur. Çünki retro mahnıları, antik əşyaları sevənlər qədər, bəyənməyənlər də var. Məsələn, ötən dəfə biri yazıb ki, "bu köhnəliklər məni boğur". Həmin istifadəçilərin şərhləri incidici olur. Çünki zəhmət çəkirsən və yaxşı reaksiyalar gözləyirsən", - deyə müsahibimiz sözünü tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.