MƏDƏNİYYƏT

Misir fironu II Ramzesin məbədində qeyri-adi mumiyalar aşkarlanıb - foto

Misirin cənubundakı tarixi Abidos şəhərində Firon II Ramzes məbədində 2000-dən çox mumiyalanmış qoç başı olan nəhəng strukturun aşkar edildiyi bildirilib.
Sputnik
BAKI, 26 mart - Sputnik. Qədim Misir Krallığının (e.ə. 2686-218) tarixi paytaxtı olan və bu gün Sohac şəhərinin sərhədləri daxilində yer alan Abidosda II Ramzesin tikdirdiyi məbəddə ABŞ və Misir arxeoloqları tərəfindən aparılan araşdırmalar zamanı yeni kəşflər edilib.
Misir Turizm və Tarixi Əsərlər Nazirliyindən verilən yazılı açıqlamada, qazıntılar nəticəsində Misirdə Ptolemeylər sülaləsinə (e.ə. 332-30) aid 2000-dən çox mumiyalanmış qoç başı tapıldığı bildirilib.
Qoç mumiyaları
ABŞ arxeoloji qrupunun rəhbəri Samih İsgəndər qeyd edib ki, belə böyük miqdarda mumiyalanmış qoç başlarının olması iki ehtimalı ortaya qoyur:
“Onlardan niyyət qurbanı kimi istifadə olunub və ya II Ramzesin ölümündən sonrakı min il ərzində də müqəddəsləşdiriləcəyinə işarədir”.
Kəşflə yanaşı, Altıncı Sülalə dövrünə (e.ə. 2345-1821) aid fərqli və unikal memarlıq dizaynına malik böyük tikili və məbədi əhatə edən şimal divarının bəzi hissələri də üzə çıxarılıb.
Misir Tarixi Əsərlər Ali Şurasının baş katibi Mustafa Vəziri kəşfin Abidosdakı II Ramzes məbədinin tarixi ilə bağlı mühüm təfərrüatları ortaya çıxardığını vurğulayıb.
Misirin Tarixi Əsərlər Nazirliyi 2020-ci ildə bu məbəddə başqa heyvanların sümükləri və skeletlərinin tapıldığını açıqlayıb.