İQTİSADİYYAT

Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı niyə azalıb?

Fermerlər heyvanların süni mayalanma yolu ilə çoxaldılmasına daha çox maraq göstərirlər.
Sputnik
BAKI, 26 mart — Sputnik. Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 628,6 min baş, xırdabuynuzlu heyvanların sayı isə 7 milyon 772,1 min baş təşkil edib.
2022-ci ilin yanvarın 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 0,8% və ya 20,2 min baş, xırdabuynuzlu heyvanların sayı isə 1,6% və ya 127,6 min baş azalıb.
Ət istehsalı isə artır
Azalma ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov Xəzər TV-yə bildirib ki, mal-qaranın sayı azalsa da 2022-ci ildə ölkədə ət istehsalı 3 faiz artıb. Bu ilin yanvarında isə bu artım 2,8 faiz olub:

"Fermerlər heyvanların süni mayalanma yolu ilə çoxaldılmasına daha çox maraq göstərməyə başlayıblar. 1 il ərzində ölkədə təxminən 90 minə yaxın süni mayalanma yolu ilə heyvan doğulur. Bu üsula marağın artmasının səbəbi odur ki, fermer öz təsərrüfatında gündə 2 litr süd verən 3 inək saxlamaq əvəzinə süni mayalanma yolu ilə alınmış gündə 10 litr süd verən 1 inək saxlamağa üstünlük verir. Bu səbəbdən ölkədə iribuynuzlu heyvanların baş sayı azalsa da diri çəkidə ət və süd istehsalı artır".

Vüqar Hüseynov
Süni mayalanma yolu ilə alınan hər buzova görə subsidiya verilir
Nazirlik rəsmisi həmçinin bildirib ki, hazırda süni mayalanma yolu ilə alınan hər buzova görə təsərrüfatçılara 100 manat subsidiya verilir. Bundan əlavə, ölkəmizdə iribuynuzlu heyvanlar arasında embrion transferi ilə bağlı pilot layihəyə start verilib ki, bu da gələcəkdə ətlik və südlük mal-qaranın sayının artmasına şərait yaradacaq.
182 min baş inək və düyələr mayalandırılıb
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 6,1 min baş iribuynuzlu mal-qara, 16,6 min baş qoyun və keçi mövcud olub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə ötən il 3,5 min baş iribuynuzlu mal-qara, 9,7 min baş qoyun və keçi satıblar. 2022-ci ildə 182,0 min baş inək və düyələr elit törədicilərin toxumları ilə mayalandırılıb.
Azərbaycan Prezidentinin 19 avqust 2015-ci il tarixli "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" Sərəncamına əsasən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya ödənilir.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) əkinçilər kimi heyvandarlar da qeydiyyatdan keçərək öz təsərrüfatları ilə bağlı bəyan etməli və fəaliyyətləri barədə məlumat yerləşdirməlidirlər. Süni mayalanma ilə alınan buzova görə subsidiya müraciəti üçün bütün proses – bala verəcək heyvan haqqında məlumat, süni mayalanma mütəxəssisi, mayalandırma tarixi, doğulacaq balanın cinsi və doğulma tarixi EKTİS-də qeyd olunmalıdır. Bu məlumatların bir hissəsini fermer özü, bir hissəsini də süni mayalanma mütəxəssisi və baytar daxil edir. Buzov doğulduqdan sonra məlumatlar yoxlanılaraq təsdiqlənir və buzov sahibinə ödəmə edilir.
Heyvandarlıq təsərrüfatı, arxiv şəkli
Embrion transferi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur
Embrion transferi tətbiqinin əsas məqsədi üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır. Embrion transferi dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrində uğurla tətbiq edilir.
Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürəhmanovun sözlərinə görə, embrion transferi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur. Xaricdən dondurulmuş embrionun gətirilməsi və transplantasiyası başqa ölkələrdən damazlıq heyvan idxalından daha asan və ucuz başa gəlir. Embrion transferi üçün istifadə olunan texnologiya heyvanları ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə genetik qiymətli heyvanların sayını dəfələrlə artırır.
Kənd təsərrüfatının istehsalı artıb
Onu da bildirək ki, 2023-cü ilin yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 456,2 milyon manat təşkil edib ki, onun da 433,1 milyon manatı heyvandarlıq, 23,1 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4 faiz, bitkiçilik məhsulları üzrə 2,0 faiz artıb.
Hesabat ayında quş əti də daxil olmaqla diri çəkidə 45,6 min ton ət, 160,7 min ton süd, 182,1 milyon ədəd yumurta istehsal edilib, 2022-ci ilin müvafiq ayına nisbətən ət istehsalı 2,8 faiz, süd istehsalı 1,0 faiz və yumurta istehsalı 16,0 faiz artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.