BAKI, 25 mart - Sputnik. Türkiyənin erməni icması müxalifət blokunun vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğluna səs verəcək. Bu proqnozu İstanbulda erməni dilində nəşr olunan “Akos” qəzetinin redaktoru Baqrat Estukyan “Sputnik Ermənistan”a müsahibəsində dilə gətirib.
Türkiyədə ümumi parlament və prezident seçkiləri mayın 14-nə təyin edilib. Martın 27-dək namizədlərin yekun olaraq irəli sürülməsi üçün onlar 100 min seçici imzası olan protokolları Türkiyə MSK-ya təqdim etməlidirlər.
Estukyan qeyd edib ki, söz azadlığının məhdudlaşdırılması və demokratiyadan geri çəkilmə ilə bağlı vəziyyət Türkiyədə ermənilər üçün qəbuledilməzdir.
Onun sözlərinə görə, Ərdoğanın bütün ajiotajı yalnız dini ideyalara istinadlar üzərində qurulub və o, əsasən islampərəst kütlə tərəfindən dəstəklənir.
"Akos"un redaktoru əmindir ki, Ərdoğan ermənilərin və digər milli azlıqların nümayəndələrinin fikrini nəzərə almır, ona görə də xristianlar ona səs verməyəcəklər.
Sputnik Ermənistan-ın Türkiyədə keçirilən seçkilərin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına mümkün təsiri ilə bağlı sualını cavablandıran Estukyan bildirib ki, may ayında keçirilən səsvermənin nəticələri bu prosesə ciddi təsir göstərməyəcək, çünki hakimiyyət və Ermənistanla münasibətlər məsələsində müxalifət də oxşar mövqedən çıxış edir.
O qeyd edir ki, hazırda Ermənistan-Türkiyə münasibətləri müəyyən inkişaf mərhələsindədir.
Eyni zamanda, onun fikrincə, tərəflərin bütün təmasları ictimaiyyət qarşısında baş tutmur, “gizli diplomatiya” mövcuddur. Lakin qeydə alınmış namizədlərin heç biri seçki proqramlarında Ermənistan-Türkiyə normallaşması mövzusunu qeyd etməyib.
“Həm hazırkı iqtidar, həm də müxalifət Azərbaycanı qardaş ölkə hesab edir, ona görə də Kılıçdaroğlu qalib gəlsə, normallaşma prosesində böyük dəyişikliklər gözləmirəm. Bəlkə, məxfi diplomatiya bir az da şəffaflaşa bilər, Ermənistan-Türkiyə sərhədlərinin üçüncü ölkələr üçün, yaxın bir neçə ay ərzində isə vətəndaşlar üçün açılması məsələsi daha tez həll oluna bilər. Paralel olaraq səfirliklər də açıla bilər. Bunlar ehtimal olunan irəliləyişlərdir", - deyə Estukyan proqnozlaşdırır.
Erməni qəzetinin redaktoru deyib ki, Türkiyə Mərkəzi Seçki Komissiyasında 11 namizəd qeydiyyatdan keçib, lakin seçkiqabağı mübarizə iki əsas namizəd arasında gedir. Onlardan biri də hazırkı prezident Ərdoğandır. İkincisi isə müxalifət blokunun nümayəndəsi Kılıçdaroğludur. Qalan 9 namizədin əksəriyyəti çətin ki, 50 mindən çox imza toplaya bilsin. Lakin onlar seçkilərdə iştirak etmək hüququ əldə etmək üçün bazar ertəsi gününə qədər 100 min imza toplamalı olacaqlar.
O, Türkiyədə seçkilərin fevralın əvvəlində 50 minə yaxın insanın həyatına son qoyan zəlzələnin dağıdıcı nəticələri fonunda keçiriləcəyinə də diqqət çəkib. Zəlzələ zonasında 11 milyon insan yaşayırdı. Onlardan ən azı 2-2,5 milyonu evini tərk edərək başqa yaşayış məntəqələrində adətən qeydiyyatsız yaşayır ki, bu da səsvermə zamanı əlavə çətinliklər yarada bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.