MƏDƏNİYYƏT

Xalq artisti Mehriban Zəki Oqtay Əliyevin ölümü ilə nəticələnən qəza barədə yazıb

Xalq artisti bildirib ki, Oqtay Əliyev hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə "problem yoxdur, keçib gedəcək" deyər, bütün arzularında İrəvana getmək istərdi.
Sputnik
BAKI, 24 mart - Sputnik. Xalq artisti Mehriban Zəki Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyevin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat verib.
“Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi...”, - qəza zamanı O.Əliyevin idarə etdiyi avtomobildə olan Mehriban Zəki sosial şəbəkə hesabında yazıb.
“İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə "problem yoxdur, keçib gedəcək" deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək istərdi” - Zəki qeyd edib.
Xalq artisti yazıb ki, bu sadəcə qəzavü-qədər idi:
“Mən sağalacam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq. Dilarə də inşallah özünü toparlayar. O çox güclü qadındır. Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay. Martın 22-si belə yazıldı bizimçün”.
Qeyd edək ki, martin 22-də Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobili sürən O.Əliyev vəfat edib, Xalq artisti Mehriban Zəki yaralanıb, O.Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
İlkin məlumata görə, hadisəyə səbəb Oqtay Əliyevin sükan arxasında qəfil ürək tutması nəticəsində idarəetməni itirməsi olub.
Mərhum "Qurd qapısı" qəbiristanlığında Əməkdar artist Tünzalə Əliyevanın məzarının yaxınlığında torpağa tapşırılıb.
Oqtay Vidadi oğlu Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində Xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. 1985-ci ildə İrəvan şəhəri M.F.Axundov adına orta məktəbi bitirib. 1987-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram rejissoru fakültəsində təhsil alıb.
Oqtay Əliyev 1998-ci ildə "SOY" prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor “Əməkdar mədəniyyət işçisi” fəxri adına (2020), “Humay” milli mükafatına və s. təltiflərə layiq görülüb.