BAKI, 24 mart — Sputnik. Qeyri-adi ifaları, fotoları və qalmaqallı açıqlamaları ilə gündəmdən düşməyən müğənni Dilarə Kazımova Azərbaycan estradasının bugünkü vəziyyətindən və sənətindən bəhs edib.
- Hər zaman cəsarətli geyimləriniz, fotolarınız və qeyri-adi kliplərinizlə seçilirsiniz. Amma sosial şəbəkələrdə, xüsusən "Youtube" platformasında klipləriniz çox az sayda baxış toplayıb. Halbuki Nəfəsin, Damlanın, Şəbnəm Tovuzlunun və s. kimi müğənnilərin mahnıları həmişə trend olur. Sizcə bunun səbəbi nədir?
- Bilmirəm, yəqin ki, tamaşaçılar o tipli mahnıları daha çox sevir. Mənim hədəfim trendə düşmək deyil. Hədəfim trendə düşmək olsaydı yəqin ki, ona uyğun mahnılar oxuyardım. Məncə seçimi insanların öz ixtiyarına vermək lazımdır. Bizə təkrarsız, bənzərsiz layihələr lazımdır. Əsas odur ki, maraqlı mahnılar olsun.
- Nədənsə bizdə sənətçilər açıq-saçıq kliplər, fotolar çəkdirəndə insanlarımız sərt təpki göstərir. Hətta təhqir edirlər. Amma xarici sənətçilərin etdiyini alqışlayırlar. Sizcə, səbəb nədir?
- Səbəbini bilmirəm. Hətta türklər də bunu edəndə deyirlər "necə gözəldir, necə maraqldır". Amma bizimkilər eynisini edəndə təhqir edirlər. Mən yeni başlayanda daha çox tənqid edirdilər, qəbul etmirdilər. Amma son vaxtlar görürəm ki, insanlar artıq qəbul edirlər. Hətta məni müdafiə edirlər. 80-90 faiz tənqidlər azalıb. Artıq onlar bilirlər ki, bu sənətdir. Məncə, tənqidlər məqsədə uyğundur. Çünki, müğənni mahnının janrına və klipə uyğun geyim geyinəndə onu xoş qarşılayırlar.
- Tənqidlərdən bezib, səhnədən uzaqlaşmaq istəyiniz vaxt olub?
- Əvvəllər çox məyus olurdum. Düşünürdüm ki, bu qədər əziyyət çəkirəm, bir layihənin üzərində aylarla çalışırdım, klip ortalığa çıxanda bir az açıq geyim görəndə yıxıb sürüyürdülər. Amma sonra bunu qəbul etdim. Fikirləşdim ki, bu dəyişən deyil. Mən nə də etsəm, yenə də tənqid edəcəklər. "Avroviziya"dan sonra məndə özümə qarşı inam yarandı. Həmin müsabiqə vaxtı da mən çox sərt tənqidlərlə qarşılaşdıq. Artıq fikir vermirəm. Lakin, mən çox istəyərdim ki, dinləyicilərimlə mənim aramda kontakt olsun. Mən çox istəyərdim ki, bir layihə çıxanda insanlar onu yaxşı qarşılasınlar.
- "Avroviziya"dan söz düşmüşkən, həmin müsabiqə sizə nə verdi? Həmin müsabiqəyə qatılan həmkarlarınız yenidən o müsabiqədə iştirak etmək istədiklərini söyləyiblər.
- "Avroviziya" mənə çox böyük təcrübə verib. Ölkəni təmsil etmək, 600 milyona yaxın auditoriyanın qarşısında çıxış etmək, müxtəlif ölklərdən fanatlar qazanmaq mənim üçün böyük təcrübədir. Dünyanın müxtəlif ölklərindən olan fanatlarım hələ də mənə yazırlar. Bunu mən "Avroviziya" sayəsində qazanmışam. Bu yaxınlarda baxdım ki, dinləyicilərimin sırasında birinci yerdə İsveçdir. Həmin sırada Avropa ölkələri, Amerika da var. Azərbaycan dinləyicilərimin sırasında 4-cüdür. Mən çox şadam ki, artıq bizi dünya dinləyir. Mahnılarımız bütün ölkələrdə dinlənilir. Yenidən o müsabiqəyə qatılmağıma gədlikdə isə fikrim var. Hansı proyektlə, hansı mahnı ilə gedəcəyimi isə növbəti il biləcəksiniz.
- Bu yaxınlarda Elnarə Xəlilova müsahibəsində bildirdi ki, "bizim nəsil üzərinə götürdüyü öhdəliyi yerinə yetirdi. Böyüklərdən - Aygün Kazımovadan, Zülfiyyə Xanbabayevadan, Faiq Ağayevdən estafeti aldıq, daşıya bildik, o səviyyəni götürdük ki, biz də belə oxuyacağıq. Amma yeni nəsil üçün bunu deyə bilmərəm". Razılaşırsınızmı bu fikirlə?
- Mən Elnarə xanımla razılaşmıram. Şou-biznes hələ ölməyib. Mən təkcə özümü nəzərdə tutmuram, bizim şou-biznesdə çox maraqlı ifaçılar var. Mənim ən son çıxan klipim çox böyük layihədir. Bunu təkcə mən demirəm, layihədə çalışan insanlar da deyir. Bundan başqa, Röya xanımın bu yaxınlarda verdiyi konsert bir daha təsdiq etdi ki, hələ varıq. Biz hələ pandemiyanın təsirindən hələ tam çıxmamışıq. İnanıram ki, pandemiyanın təsirindən tam çıxandan sonra hər şey yaxşı olacaq.
- Yəqin ki, xəbəriniz var, bu yaxınlarda Röya Ayxan konserti zamanı həyatını sığortalatmaq qərarına gəlib. Estrada ulduzunu buna vadar edən səbəb üçgünlük solo konsertində riskli performans göstərməyi planlaşdırması olub. Bu təcrübə dünya ulduzlarında da var. Siz bədəninizin hansısa nahiyəsini sığortalamağı düşünürsünüzmü?
- Mən də istəyərdim. Mənim üçün ən dəyərli səsimdir. Səsimi sığortalamaq istəyərdim.
- Əksər məşhur insanların ən böyük fobiyası unudulmaqdır. Bu qorxu sizdə də var?
- Səhnə adamları səhnə ilə nəfəs alır. Mən bir gün oxumayanda özümü canlı hiss etmirəm. Bir gün oxumayanda həyatdakı misiyamın nə olduğunu anlaya bilmirəm. Əlbəttə ki, dayansaq, insanlar bizi unuda bilərlər. Amma unudulmaqdan qorxmuram. Çünki, bu həyatdır. Həyat öz axarında davam edir. Biz bu dünyada çox kiçik bir zərrəyik. Biz olsaq da, olmasaq da, kainat öz axarında davam edəcək. Nə qədər məşhur da olsaq, bir gün unudulacağıq.
Qeyd: Dilarə Kazımova 1984-cü ildə Bakıda anadan olub. 2001-ci ildə Respublika İncəsənət Gimnaziyasından məzun olub. 2002-2006-cı illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub və opera vokalı ixtisası üzrə təhsil alıb. Kazımova ilk dəfə 2008-ci ildə "Avroviziya" Mahnı Müsabiqəsinin milli seçim turlarının iştirakçısı olub. "Unformal" qrupunun tərkibində milli seçimlərin final mərhələsini ikinci yerdə başa vurub. İkinci dəfə 2010-cu ildə "Avroviziya"nın seçim turlarına qatılan Kazımova bu dəfə "Milk and Kisses" qrupunun solisti kimi seçim turunda iştirak edib və yenə də qalib ola bilməyib. Elə həmin il Dilarə Latviyanın Yurmala şəhərində keçirilən "Yeni Dalğa 2010" müsabiqəsinin laureatı olub.
Dilarə 2014-cü ildə də Azərbaycanı təmsil etmək üçün "Avroviziya"nın seçim turlarında iştirak edib. O, milli seçim turu olan "Böyük Səhnə" layihəsinin qalibi olub və Azərbaycanı "Avroviziya"da təmsil etmək hüququ qazanıb. Dilarə mayın 6-da Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş I yarımfinal mərhələsində 8-ci nömrə altında "Start a Fire" mahnısını ifa edib. Dilarə həmçinin 2014-cü ildə Ukraynada keçirilən "Səs" (ukr. Голос країни) müsabiqəsinə qatılıb və ilk mərhələni uğurla keçib. Onlarla mahnının müəllifi olan Dilarə Kazımova 2019-cu ildə Misirin "Şarm-əl-Şeyx" şəhərində keçirilən Beynəlxalq Asiya Film Festivalında səhnə alıb. İfaçı festivalda "Sarı gəlin" mahnısını ifa etmişdi. 2020-ci ildə erməni hakerlərin şikayəti əsasında "YouTube" hesabı bağlanan ifaçı bütün arxivini yeni açdığı kanala yükləmək məcburuyyətində qalır. 2020-ci ildə ifaçının İtalyanın məşhur "Vogue" jurnalında şəkilləri dərc olunub. İfaçı məşhur "Vogue" jurnalında şəkilləri çıxan ilk azərbaycanlıdır.