BAKI, 23 mart - Sputnik. Cənub zonasında ən zəngin tarixi abidələrə sahib olan rayonlardan biri də Cəlilabaddır. Cəlilabad ərazisində qədim yaşayış məskənlərini, maddi-mədəni abidələrini isə aşkar edənlərdən biri də rayonda tarix müəllimi işləyən Ələsgər Ağahəsən oğlu Mirzəzadədir.
Ə.Mirzəzadə 1971-ci ildə VIII sinfi “Tərifnamə” ilə bitirdiyi üçün imtahansız Lənkəran Dövlət Pedaqoji Texnikumuna qəbul olunub.
“1975-ci ildə ixtisasım üzrə işləməyə başladım, 1981-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakülətsinə daxil olmuşam”- deyə Ələsgər müəllim Sputnik Azərbaycana müsahibəsində bildirib.
Təhsil aldığı illərdə Azərbaycanın, xüsusən də Cənub bölgəsinin tarixi abidələrini öyrənməyə başlayır. Məhz onun təkidləri ilə arxeoloqlar Rəşid Göyüşov və İlyas Babayevin rəhbərliyi altında tarixi abidələrin öyrənilməsi üçün ekskursiyalar təşkil edilib.
“1978-ci ildə Rusiyanın Primorye vilayətində hərbi kəşfiyyatda xidmətdə olduğum zamanlar məndə gələcək həyatımda tarixçi olmağıma stimul yaratdı.”
- Siz tarixçi, yoxsa tarix müəllimi olmaq qərarına gəldiniz?
“Mənim ümumiyyətlə tarixə əvvəldən böyük həvəsim olub. İstər tarix müəllimi olsun istərsə də tarixçi fəqri yoxdur.Əsgərliyi bitirəndən sonra ali məktəbə imtahan verdim. Düzdür birinci il qəbul üçün lazım olan balları toplamadığımdan müsabiqəyə düşdüm. Növbəti il imtahana hazırlaşanda bir tarix müəllimimiz mənim tarix müəllimi peşəsini seçməyim üçün mənimlə xeyli təbliğatyönlü söhbət apardı. Ali təhsil aldığım dövrdə qədim abidələri görüb mənim daxilimdə onları tədqiq etmək həvəsi daha da artdı”.
Ələsgər Mirzəzadə uzun müddətdir ki, Cəlilabadın tarixinin araşdırılması ilə də məşğuldur
© Sputnik / Rahim Muradov
- Müəllim, sizin ilk aşkar etdiyini maddi-mədəni nümunə hansı olub və onu nə vaxt tapmısınız?
“Mən Cəlilabadın dağ kəndlərindən olan Kövüzbulaq kəndində doğulmuşam, hazırda yaşadığım Uzuntəpə kəndinə isə 1992-ci ildə köçmüşəm. Doğulduğum kəng qədim Ərdəbil-Dərbənd ticarət yolunun üzərindədir. Sovet İttifaqı hakimiyyəti illərində kəndimizin ərazisində üzüm bağları salmaq üçün torpaqları şumlağa başladılar. Həmin ərəfələrdə də biz yaşıdlarımızla dağları çox gəzərdik. Mənim ilk tapdığım da bir hissəsi qırılmış üzükdür ki, günü bu gün də onu qoruyub, saxlayıram. Həmin üzüyü “Yəhya hamarı” adlanan ərazidən tapdım. Üzükdən əlavə isə həmin ərazidə Sasanilər dövründə, Sasani şahı III Yezdəgirdə aid gümüş sikkə tapdım. Məndə həmçinin Parfiya dövlətinə aid sikkələr var ki, bunların da tarixi Sasanilərdən əvvəlki dövrlərə aiddir. Həmin sikkələri isə Kövüzbulaq kəndinin başqa bir ərazilərindən tapmışam.
Başqa bir sikkələr isə 2011-ci ildə Uzuntəpə kəndi ərazisində təsərrüfat işləri görülərkən aşkar edilib. Mən Bilar Alarlı müəllimlə birgə həmin ərazilərdə çoxlu qədim əşyalar tapmışıq.O cümlədən təxminən 30 kq ağırlığında olan mancanaq daşı tapmışıq, qonşu Edişə kəndi ərazisində isə 40 kq-dan bir qədər artıq olan kürə formasında mancanaq daşı tapdıq. Elmlər Akademiyasının şöbə müdiri Arif Məmmədov mənim dəvətimlə həmin ərazilərə gəldi və son tunc, erkən dəmir dövrünə aid qılınclar və mancanaq daşları aşlar etdik. Bir ehtimala əsasən qədim Edişə kəndi ərazisində qala olub və qala mancaqlar vasitəsilə hücuma məruz qaldığı üçün ərazidə mancanaq daşları aşkar edilib. Təbii ki, bu ehtimaldır.”
- Ələsgər müəllim, yaşadığınız rayonda sizin marağınıza daha çox səbəb olacaq qədim əşya tapmısınızmı?
Ələsgər Mirzəzadə arxeoloq Tufan Axundovla birgə Polutəpədə
© Photo : Ə.Mirzəzadənin arxivi
“Mən tapdığım qədim əşyalardan ən maraqlısı və dəyərlisi olanı kəndimizdə bir sakinin həyətində tapılan bir məişət qabı idi. Bu, mərmərdən hazırlanmış və Cəlilabadın tarixini daha 2000 il əvvələ aparan qab idi. Çünki Tufan Axundov qaba baxandan sonra onun Neolit dövrünə aid olduğunu dedi. Onu tapandan sonra Cəlilabad Tarix Diyarşünaslıq Muzeyinə təhvil verdim.
Bir dəfə isə Tufan Axundovla bərabər Rusiyadan olan Şimali Qafqaz üzrə bir arxeoloq rayonumuza qonaq gəldi. Rusiyalı arxeoloq-alim həmin mərmər qabın sorağına gəlmişdi və biz birlikdə qaba baxıb tədqiq etmək üçün muzeyə getdik. Rusiyalı alim də qabı nəzərdən keçirdikdən sonra T.Axundovun dediyini təsdiqləyərək qabın e.ə VII minilliyə aid olduğunu bildirdi. Mən hələ də düşünürəm ki, necə edək ki, bu ərazilərdə arxeoloji qazıntı işləri aparılsın?. Çünki biz dəfələrlə yuxarı instansiyalara həmin abidələrin tədqiq olunmadan dağılıb-məhv olması haqqında bildirmişik. Bu abidələr Azərbaycanın tarixidir və Cənub-şərq bölgəsinin ən böyük abidələrindəndir.”
- Ələsgər müəllim, sizin əldə etdiyiniz qədim əşyalar arasında ən çox öz tapdıqlarınızdır yoxsa tanışlarınıv və ya qohumlarınızın tapıb sizə təqdim etdikləri üstünlük təşkil edir?
“Əlbəttə mən özüm də tapdıqlarım var, tapıb mənə verənlər də var. Mən deyərdim ki, daha çox şagirdlərimiz tapıb mənə veriblər. Çünki hazırda şagirdlərimizin tarix elminə marağı çoxdur. Kəndimizdə də hamısı bilir ki, mən bu işlə məşğulam. Məsələn: kombayınçı və ya traktorist sahələrdə iş görərkən hər hasısa bir qədim əşyanı tapıb gətirir evinə.Həmin şəxs də bilir ki, mən qədim maddi-mədəni tapıntıların araşdıranam və gətirib mənə verir.Məsələn bu yaxınlarda məni bir dağ kəndindən çağırdılar ki, bir qədim əşya var dağılıb gedir, mən də gedib gətirmişəm və onu tədqiq edəcəyəm.”
Ələsgər Mirzəzadə
© Sputnik / Rahim Muradov
- Ələsgər müəllim, şəxsən sizin Azərbaycan tarixinə xüsusi töhfəniz olubmu?
“Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli bu yaxınlarda “Muğan və Lənkəranda təlatümlər” adlı 1917-18-ci il hadisələrindən bəhs edən bir geniş yazıya başlayıb.Həmin yazısında mənim “Tarix və zaman” adlı kitabımda olan məqalələrdən istifadə edib. Mən çox sevinirəm ki, professor bir mən doktorantın kitabına istinad edir. Bu özü Azərbaycan tarixinə verilən bir töhfədir”.
- Müəllim, Cəlilabad rayonunun ən çox hansı ərazilərində qədim maddi-mədəni abidələri aşkar edilib?
“Cəlilabad ərazisi abidələr yurdudur. Ən çox Üçtəpə, Uzuntəpə, Bəcirəvan kəndləri, rayonun dağlıq hissəsində yerləşən Xanəgah, Ləkin, Kövüzbulaq və Edişə kəndlərinin ərazilərində daha çox qədimi abidələrə rast gəlinir, son vaxtlar isə qədim qala izləri aşkar edilib. Cəlilabadın çox hissəsində abidələrə rast gəlmək olur, amma ən çox adını qeyd etdiyim kəndlərdə aşkar edilib”.
- Sizin, Azərbaycanın Cənub-şərqi və Muğan tarixindən bəhs edən 3 kitabınız işıq görüb. Bu kitabların davamı olacaqmı?
“Mənim qədim maddi-mədəni abidələrin araşdırılmasına böyük həvəsimin olması məlumdur və mən buna ömrümün 35 ilini sərf eləmişəm və böyük həvəslə sərf etməkdə də davam edirəm. Bu araşdırmalarım haqqında 100-ə yaxın qəzet məqalələrim var. Mənim ilk tarix müəllimim Təzəxan Niftəliyev də vaxtı ilə demişdi və arxeoloq Tufan Axundov da mənə bütün bu yazdıqlarımı kitab şəklinə salmağımı məsləhət gördü. Bir gün düşündüm ki, yazdığım məqalələri kitab şəklinə salınmalıdır. Beləcə hansı abidələrin qazıntı işləri vaxtı harada iştirak etmişəm, hansılarının qədim abidələrin aşkarlanmasında Tufan Axundovla, Anar Ağalarovla bir yerdə olmuşamsa və bütün bunları sistemləşdirib kitab şəklinə saldım.
Beləliklə Azərbaycanın Cənub-şərq bölgəsi və Muğan tarixindən, bu ərazilərdə aşkar edilən qədim maddi-mədəni abilərdən və bu bölgədə orta əsrlərdə baş verən hadisələrdən bəhs edən 3 kitabım işıq üzünü görüb. Artıq 4-cü kitabım da hazır olmaq ərəfəsindədir. Cəliabad rayonu ərazisind ən qədim və ən çox qədim maddi-mədəni abidə izlərinə hazırda yaşadığım Uzuntəpə kəndi ərazisindədir. İshaq Cəfərzadə apardığı qazıntılar və araşdırmalardan sonra Uzuntəpə kəndi ərazisində tapılan qədim məişət əşyalarının Neolit dövrünə aid olduğunu müəyyən etmişdi. Yəni 4-cü kitabım qədim Uzuntəpə kəndinin tarixi haqqındadır”.
Ələsgər Mirzəzadə
© Sputnik / Rahim Muradov
- Sizin hazırda Azərbaycanın hansı tanınmış arxeoloqları ilə əlaqələriniz var?
“Elmlər Akademiyasında şöbə müdiri olan Abuzər Ələkbərov Cəlilabad ərazisində qədim qalaların, abidələrin yerlərini qeyd edilməsi üçün tarixi xəritə tərtib edirdi və mənim də onunla bir neçə dəfə müzakirələrimiz olub və həmin ərazilərə bir yerdə getmişik. 2004-cü ildən başlayaraq rayonun Üçtəpə kəndi ərazisində arxeoloji işlər aparan professor Tufan Axundovla daha sıx əlaqələrimiz var. Tufan Axundovun mənim arxeologiyaya daha da sıx bağlanmağımda rolu böyükdür. Mən hətta orta məktəbdə dərs dediyim şagirdləri də Tufan Axundovun arxeoloji qazıntılar apardığı ərazilərə aparıb onun işləri ilə əyani tanış etmişəm. Bugün də T. Axundovla bəzi tarixi müzakirələrimiz davam edir, mənə məsləhətlər verir. Eləcə də Anar Ağalarzadə ilə həm Cəlilabad, həm də Yardımlı ərazisində olmuşuq”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.