BAKI, 23 mart — Sputnik. Azərbaycanda ixracatçılara logistika subsidiyasının verilməsi gözlənilir. Logistika subsidiyasının ümumilikdə 5 il, işğaldan azad edilən ərazilərdə isə 10 il müddətinə tətbiqi planlaşdırılır.
Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev logistika subsidiyası ilə bağlı layihənin mart ayında Nazirlər Kabinetinə təqdim olunacağını diqqətə çatdırıb.
"Ola bilər yükdaşıma xərclərinin müəyyən hissəsini dövlət qarşılayacaq"
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında təşvqi ilə bağlı addımların atılmasını müsbət qiymətləndirib. O bildirib ki, ola bilər yükdaşıma xərclərinin müəyyən hissəsini dövlət qarşılayacaq:
"Bu təcrübə Türkiyədə olub. Belə ki, logistik xərclərin bir qismini və yaxud da yüklərin sığortasını dövlət öz üzərinə götürüb. Ölkəmizdə də yol xərcinin bir hissəsinin və yaxud da yüklərin sığortasının dövlət tərəfindən qarşılanması mümkündür. Çoxşaxəli ixrac modelinə keçidin təşviq edilməsi nəzərdə tutulur".
Natiq Cəfərli
© Sputnik
Onun fikrincə, logistika ilə bağlı müəyyən təşviqlərin verilməsindən əlavə logistik marşrutların asanlaşması, sərhəd-keçid məntəqələrində vaxt itkisinin azaldılması istiqamətində də işlər görülməlidir.
"Bundan başqa, logistik tariflərlə bağlı qonşu ölkələrlə ümumi razılığa gəlib daha ucuz tarif siyasətinə keçməyin də ixracata müsbət ciddi təsiri olacaq. Kompleks tədbirlər həyata keçiriləndə bu, Azərbaycanın ixracatına öz töhfəsini verəcək"-deyə o əlavə edib.
Körfəz və Asiya ölkələrində Azərbaycan məhsullarına tələb var
Xatırladaq ki, AZPROMO-nun rəhbəri Yusif Abdullayev 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində fəaliyyət göstərən və göstərəcək ixracatçılara logistika subsidiyası tətbiq ediləcək. Bu subsidiya Azərbaycanda bütün ixracatçılara şamil ediləcək və bu, ixracımızın genişləndirilməsinə dəstək olacaq. Logistika subsidiyasını ümumilikdə 5 il, işğaldan azad edilən ərazilərdə isə 10 il müddətinə tətbiqi gözlənilir. Layihə martda Nazirlər Kabinetinə təqdim olunacaq. Aparılan araşdırmalara görə, Körfəz və Asiya ölkələrində bəzi Azərbaycan məhsullarına tələb var.
Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev
© Sputnik / Murad Orudjev
Ötən il qeyri-neft ixracı ilk dəfə 3 milyard dolları ötüb
Yusif Abdullayev diqqətə çatdırıb ki, indiyədək Azərbaycan məhsulları 42 beynəlxalq sərgidə nümayiş olunub. Müxtəlif xarici ölkələrdə təşkil edilmiş sərgilərdə fərdi qaydada iştiraka dair sahibkarların müraciətlərinə əsasən, ötən il ərzində ixracatçılara 177 min manatdan çox vəsait dəstək qismində ödənilib. 2022-ci ildə Azərbaycandan 107 ölkəyə qeyri-neft məhsulları ixrac olunub.
Əvvəlki illə müqayisədə, ötən il qeyri-neft ixracı 12,3% artaraq ilk dəfə 3 milyard ABŞ dollarını ötüb. İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətlərinin müxtəlif beynəlxalq sərgilərdə iştirakı, həmçinin məhsullarımızın "Made in Azerbaijan" vahid ölkə stendində nümayişi, eləcə də bəzi ölkələrə ixrac missiyalarının təşkili nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.