BAKI, 22 mart - Sputnik. Zəiflədilmiş uranlı döyüş sursatından istifadə bu silah növündən istifadə edilən ərazilərin əhalisinə qarşı soyqırımdır. Belə bir bəyanatla çərşənbə günü Sputnik radiosunun efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.
Bundan əvvəl Böyük Britaniya müdafiə nazirinin müavini Annabel Qoldi bildirib ki, Britaniya Ukraynaya zəiflədilmiş uranlı sursat verəcək.
“Ümumilikdə, zəiflədilmiş uran mərmilərinin istifadəsi onların istifadə olunduğu əhaliyə və ondan istifadə edən əhaliyə qarşı soyqırımın təzahürüdür”, - deyə diplomat bildirib.
Zaxarova bildirib ki, Kiyevə zəiflədilmiş uran mərmilərinin tədarükü ilə bağlı açıqlama verən Britaniya müdafiə nazirinin müavini Annabel Qoldi onlardan istifadənin hansı nəticələrə gətirə bilıəcəyini tam başa düşmür.
“Mən əmin deyiləm ki, bu bəyanatı verən britaniyalı xanım bu silahlardan istifadənin nəticələrindən tam xəbərdardır. Təkcə bu silahların tətbiq olunduğu şəxslər, təkcə bu tarixi anda zərər çəkmiş ərazidə olanlar deyil, bu torpaqlarda yaşayacaq gələcək nəsillər də əziyyət çəkəcək... Bu komponent bu silahdan (zəiflədilmiş uranlı – red.) istifadə edənlərin özlərinə də zərbə vurur”, - deyə Zaxarova Sputnik radiostansiyasının efirində deyib.
Rusiya XİN səsmisinin qənaətinə görə, Böyük Britaniyanın Kiyevi zəiflədilmiş uran mərmiləri ilə təmin etmək niyyəti kollektiv Qərbin Ukraynanı nəhayət məhv etmək niyyətindən xəbər verir.
“Mən əsas məsələyə diqqət çəkmək istəyirəm: bu gün heç bir şübhə yoxdur ki, söhbət ABŞ və Britaniyanın başçılıq etdiyi kollektiv Qərbin Ukraynanı sadəcə, sona qədər məhv etmək niyyətindən gedir. Zəiflədilmiş uranlı mərmi tədarük etmək niyyəti ilə bağlı bəyanatlardan sonra onların Ukraynanın gələcəkdə rifahını gördükləri barədə bütün söhbətlər bitir”, - deyə Zaxarova vurğulayıb.
Diplomat Londonun planlarını “Ukrayna ətrafında vəziyyəti yeni aqressiya, münaqişə və qarşıdurma mərhələsinə çatdırmaq, keyfiyyətcə yeni ölçü vermək” məqsədi daşıyan təxribat adlandırıb.
Zaxarova qeyd edib ki, Britaniya tərəfinin bəyanatı digər məsələlərlə yanaşı, Moskvada Ukrayna böhranı ətrafında Çin sülh təşəbbüsünün müzakirəsinə həsr olunmuş yüksək səviyyəli Rusiya-Çin danışıqları fonunda verilib.
“Düşünürəm ki, bunu Britaniya tərəfi qəsdən edib”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi fikrini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.