MƏDƏNİYYƏT

"Belində kəməri, xəncəri, sinəsində də... - Sənətkarın rəqslərimiz barədə fikirləri

Xanlar Bəşirov deyir ki, milli rəqslərimizin böyük bir qismi Sovet dönəmində itib batıb, bir qismini isə qonşu xalqlar öz adlarına çıxıblar.
Sputnik
BAKI, 22 mart — Sputnik. Azərbaycanın Əməkdar artisti Xanlar Bəşirov milli rəqs sənətimizi yaşadan insanlardandır. Məşhur sənətkarımız 22 mart 1957-ci ildə Göygöl (keçmişdə Xanlar) rayonunda anadan olub.
Ömrünün böyük bir hissəsini bu sənətə həsr edən Xanlar müəllim Azərbaycanda bu sənətin keçmişi və hazırkı vəziyyəti ilə bağlı təəssüratlarını bölüşüb.
O bildirib ki, 2015-ci ilə qədər Azərbaycan rəqslərinin vəziyyəti çox pis idi. 2015-ci ildə isə Dövlət Rəqs Ansanblı yeni proqram hazırlayıb və 2016-cı ildən həmin proqramla çıxış etməyə başlayıblar:
"Həmin proqramla biz köhnə rəqs geyimlərimizi qaytardıq. Rəqs havalarında biraz dəyişiklik etdik. Azərbaycan-sovet xalq rəqqası Əlibaba Abdullayevin məktəbindən bəhrələndik. Onun quruluş verdiyi rəqsləri qaytardıq. Ondan sonra yeni rəqslər quruldu. Beləliklə, biz sırf kökümüzə, ruhumuza bağlı rəqs proqramı qurduq. Həmin proqramla Türkiyədə və Moskvada çıxış etdik".
Bəşirov bildirir ki, əvvəllər nə rəqslərimizin quruluşu, nə də geyimlərimiz milli köklərimizi əks etdirirdi. 2015-ci ilə qədər Dövlət rəqs ansanblı Qafqazda ən zəif rəqs ansanbıllarından olub:

"İndi isə internetdən baxan müxtəlif millətlər bizi Qafqazın ən yaxşı rəqs ansanblı hesab edirlər. Çeçenistandan xoreoqraf Dikalu Muzakayev dəvət olundu. O, komandanı yığdı. Musiqiçiər, rəqqaslar bu komandaya cəlb olundu. Beləliklə, böyük zəhmət hesabına milli dəyərlərimizi əks etdirən proqram quruldu. Qafqazda ilk dəfə dövlət rəqs ansanblı tərəfindən "Koroğlu" baleti quruldu. Həmin balet klassik balet deyildi, lakin köhnə rəqslərimizin quruluşunda hazırlanmışdı".

Tanınmış rəqqas pandemiyanın onlara təsirindən də söz açıb:
"Rəqs sənəti elədir ki, iki gün məşq eləmirsənsə, özün hiss edirsən, üç gün rəqs etmirsənsə tamaşaçı hiss edir. Pandemiya bu baxımdan bizə çox zərbə vurdu. Amma 2022-ci ilin mayında konsertimiz oldu. Mən inanmazdım ki, 2 il fasilədən sonra belə bir konsert alına bilər".
Sənətkarın fikrincə, toyların, bayramların bəzəyi rəqsdir. Amma son illər toylarda edilən rəqslər heç də ürəkaçan deyil. Necə deyərlər, at izi, it izinə qarışıb:

"Rauf Bəhmənli 452 qədim xalq oyun havaları haqqında yazıb. Biz çalışmalıyıq ki, o havaların heç olmasa 30 faizi toylarda oynanılsın. "Mehman" filmində Kamilov (Ədil İsgəndərov) deyir "mənim havamı çal, "Heyvagülü". O zamanlar hərənin bir havası var idi. Həmin havanı o qədər gözəl oynayırdı ki, hər kəs zövq alırdı. Hansı hava çalınsa, onu oynamazdılar. İndi kimin ağlına nə gəlsə, oynayır".

Müsahibimizin sözlərinə görə, milli rəqslərimizin böyük bir qismi Sovet dönəmində itib-batıb. 1936-cı ildə Dövlət Rəqs Ansanblı yarananda onun tərkibində ermənilər də var idi. Onlar da əllərindən gələni ediblər ki, rəqslərimiz unudulsun, inkişaf olmasın:

"Gürcülərə, ermənilərə olan diqqət 452 rəqs havası olan bizə də olsa idi, görün necə möhtəşəm olardı. Stalinin dövründə ən yaxşı xoreoqrafları, rejissorları göndərirdilər ki, o, xalqa mədəniyyət öyrətsin. Doğrudur, onların rəqs məktəbi güclüdür. Amma proqramlarına baxsaq görərik ki, yalnız 5 faizi onlarındır. Digərləri Qafqaz xalqlarının rəqsləridir. Zadəgan rəqsi hesab olunan "Kartuli"yə fikir verin. O rəqs iki hərəkətdən ibarətdir ki, bu da Şirvan aşıqlarının qazması, yerişidir. Bütün Qafqaz ona "qazma", "kasma"deyir. Qədimdə çadırlarda qurulan toyxanada aşıqlar torpağın üstündə oynayırdılar. Onlar rəqs edəndə toz qalxırdı, torpağı qazırdılar. Ona görə də o rəqsin adını "Qazma" qoymuşdular. Gürcülər heç onun adını da dəyişməyiblər, "Kasma" deyirlər. Yəni, onların ən məşhur rəqsi Şirvan aşıqlarının yerişi və qazması üzərindədir".

Həmsöhbətimiz vurğulayır ki, ermənilərlə yanaşı, gürcülər də bizim rəqs havalarımıza öz adlarına çıxmağa çalışıb. Amma həmin rəqslərin etnoqrafiyasına nəzər yetirsək, onların Azərbaycan rəqsi olduğunu görə bilərik:
"Etnoqraf Məhərrəm Qasımlı deyirdi ki, ermənilər, gürcülər Şirvan toylarına gəlib oradan hərəkətləri götürüb rəqs qururdular. Yəni, bu qədər zəngin mədəniyyətimizə baxmayaraq, bizi çox sıxışdırırdılar".
Əməkdar artist əlavə edir ki, Sovet dönəmində rəqslərimizlə yanaşı, rəqqasların geyimlərinə də dəyişiklik edilib. Onların bir çoxunu gürcülər öz adlarına çıxıblar:
"Sovet dövründə papaqlarımızı başımızdan götürdülər, geyimlərimizi dəyişdirdilər. Rusların dediyi "çerkeska" əslində çuxadır. Qafqaz xalqları ona "çoxa", "çapa", "çuxa" deyirlər. Sovet dövründə biz qastrol səfərində olanda gürcülər deyirdilər ki, "siz bizim geyimlərimizi geyinmisiniz". Gürcülər öz geyimlərini belə adlandırırlar: papaxi (papaq), çoxa (çuxa), arxaluki (arxalıq), başlık (başlıq), xancari (xəncər), kamari (kəmər). Deyirdim, "ay qardaş, axı bu necə gürcü geyimi ola bilər ki, sözlərin hamısı türk mənşəlidir. Hətta "Dədə Qorqud"da da "çuxa" sözü işlənir.
Baxın, muğam müsabiqəsinin iştirakçılarının geyimlərinə. Onların geyimləri bər-bəzəklə, butalarla, gül-çiçəklə bəzənib. Amma XIX əsrin sonu, XX əsrin əvvələrində olan muğam ifaçılarının geyimlərinə baxın, hamısı çuxadadır. Belində kəməri, xəncəri, sinələrində də sinədaş. O sinədaşa Qafqazda "kazeri" deyirlər. 1898-ci ilin rus lüğətində yazılır ki, "kazeri – türk sözüdür, hazır deməkdir". Yəni, barıt orada hazırdır. Məsələn, Xan sarayındakı rəsmlərdə görürük ki, onu yandan asıblar. Sonradan onu sinəyə keçiriblər. Qafqaz xalqları, ruslar "kazeri" deyirdilər. Biz də bilmədən elə deyirdik".
"2010-cu ildə "Azərbaycan qartalları" adlı rəqs ansanblı ilə Lüksemburqda, Belçikada çıxışlar edirdik. Lüksemburqun spikeri dedi ki, "bu, bizə məlum olmayan mədəniyyətdir". Yəni, rəqslərimiz o qədər zəngindir ki, heç bir xalqın rəqsinə bənzəmir. Bizim rəqslərimizi başqa xalqlar da oynaya bilmir" -deyə rəqqas fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.