CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Novruzu qeyd etmək İslam dininə görə günahdır? Mərhum Hacı Şahinin bu barədə düşüncələri

Mərhum Hacı Şahin Həsənli Sputnik Azərbaycan-a müsahibəsində bildirmişdi ki, bu gün müəyyən radikal cərəyanlar var ki, milli-mənəvi dəyərlərimizi dini dəyərlərimizə qarşı qoyur, milli hər nə varsa, onu inkar etməyə çalışır.
Sputnik
BAKI, 21 mart — Sputnik. Bu günlərdə Azərbaycanın hər yerində Novruzun ab-havası yaşanır və ölkə əhalisinin əksəriyyəti bu bayramı təmtəraqla, böyük sevinclə qeyd edir. Lakin elələri də var ki, dini baxımdan Novruz bayramının haram olduğunu iddia edərək onun ailəsində qeyd edilməsinə imkan vermir. Bəziləri isə əksinə, bu bayramın İslam dini ilə bağlı olduğunu deyərək onu müqəddəsləşdirməyə çalışır. Bəs görəsən, Novruz bayramı İslam dininə ziddirmi? Müsəlmanlar üçün günah hesab oluna bilərmi?
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Faziloğlu bildirir ki, bəzən 4 ünsürü (su, yel, od, torpaq) Zərdüştlüklə bağlamağa çalışırlar. Halbuki bu ünsürlər bütün dinlərdə olub. Zərdüştlüyə gəldikdə isə orada 8 ünsür var:

"Azərbaycan xalqı tonqal qalayır, üstündən hoppanır, deyir "ağırlığım ocağa tökülsün". Oddan arınmaq, təmizlənmək məsələsi təkcə Zərdüştlüyə və ya Azərbaycana aid deyil. Dünyanın bütün xalqlarında od vasitəsi ilə arınmaq var. Ruslarda da "Maslenitsa" bayramı var ki, həmin bayramda da ruslar tonqal qalayır. Belə çıxır ki, onlar atəşpərəstdir?"

Etnoqrafın sözlərinə görə, oddan arınmaq ən ibtidai inanclardan biridir. Sonralar digər dinlərə də keçib. Yəni, bunu dinlə əlaqələndirmək düzgün deyil:
"Atəşpərəstlikdə oda yaxınlaşanda ağızlarını bağlayırlar ki, odu çirkləndirərlər. Axı biz oda elə münasibət bəsləmirik. Novruzu bu gün elə xalqlar qeyd edir ki, onların tarix boyu atəşpərəstliklə əlaqələri olmayıb. Bizdə odla bağlı nəsə olanda onu atəşpərəstliklə əlaqələndirirlər. Amma elə deyil. Odsuz, işıqsız, nursuz dünya mövcud ola bilməz. Bütün dinlərdə də od, günəş var. Yəni, bu atəşpərəstlik deyil. Atəşpərəstlik dini inanclar sistemidir. Oda inam isə ən qədimidir. Dünyanın ilkin inanclarından biridir".
Dindarlar niyə Novruzu qəbul etmirlər?
Novruzun İslamla əlaqəsinin olmadığını vurğulayan tarixçi, bunun səbəbini belə izah edir:
"Novruzun İslamla ona görə əlaqəsi yoxdur ki, İslamın yarandığı Ərəbistanda iki fəsil var, bizdə isə 4 fəsil. Onlarda 4 fəsil olmadığına görə, Novruz mərasimləri də qeyd olunmur. Yəni Novruz coğrafi bayramdır, dini yox. Hər coğrafiyanın öz bayramı var. Ərəblərin coğrafiyasında Novruz yoxdur deyə, demək olmaz ki, biz bunu qeyd etməməliyik".
Din xadimi Mirələkbər Ağayev bəzi dindarların müsəlmanların Novruz bayramını qeyd etməsini düzgün saymamasına rəğmən, burada bir qəbahət görmür:
"Məhəmməd peyğəmbərin ən məşhur səhabələrindən Salman əl-Farisi Məhəmməd peyğəmbərə bu bayramdan bəhs edəndə peyğəmbərimiz deyib ki, bu bayram haqqında Quranda yazılmasa da, onun qeyd olunmasında heç bir qəbahət yoxdur. Bu bayramda evlərin təmizlənməsi, insanların sevinməsi, torpağın oyanmasını qeyd etməyə başqa don geyindirmək lazım deyil".
Novruzun müsbət dəyərləri var və o, İslama zidd deyil
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, mərhum Hacı Şahin Həsənli hələ sağ ikən Sputnik Azərbaycan-a müsahibəsində bildirmişdi ki, əslində Novruz bayramının İslam dini ilə birbaşa heç bir əlaqəsi yoxdur. Lakin müsbət dəyərləri çox olduğuna görə dinimiz ona qarşı çıxmayıb. Mərhum din xadiminin sözlərinə görə, Novruz bayramının tarixi İslamın yaranmasından çox-çox minillər əvvələ gedib çıxır. Ona görə də bu bayramın yaranmasının heç dəqiq tarixi də məlum deyil. Onun İslamla bağlı olmadığı isə birmənalıdır.
"Lakin İslam dini Novruz bayramına ümumilikdə müsbət yanaşır. Bu təbiət bayramı baharın gəlişinin qarşılanmasını ifadə edir. Novruz bayramının bir çox ayinləri dini qaydalarla, dəyərlərlə üst-üstə düşür. Bu bayram insanları bir-birinə yaxınlaşdırır. İnsanlar bir-birinin ziyarətinə, görüşünə gedir, küsən insanlar barışır, bayram süfrələri təşkil olunur. Hətta ölmüş insanların məzarları ziyarət edilir, ruhuna dualar oxunur. Bu bayram müsbət dəyərdir, bizim milli adət-ənənəmizdir. Ona görə də İslam dini bu adət-ənənəni müsbət qarşılayıb", - din xadimi deyib.
Hacı Şahin İslam dininə görə Novruz bayramının qeyd edilməsinin haram olması barədə söylənən fikirləri yanlış hesab edirdi:
"İslam dini yayıldığı ərazilərdə yerli mədəniyyətləri heç vaxt inkar etməyib, əksinə, onları zənginləşdirib və təşviq edib. Lakin İslam dini müəyyən bayramları dinə zidd olan bəzi ayinlərdən təmizləyib. Novruz bayramının qeyd edilməsi də gözəl adət-ənənələrimizdən biridir və İslam dini ilə də heç bir ziddiyyət təşkil etmir".
Din heç vaxt milli-mənəvi dəyərlərlə döyüşməz
Hacı Şahin açıqlamasında onu da bildirmişdi ki, bu gün müəyyən radikal cərəyanlar milli-mənəvi dəyərlərimizi dini dəyərlərimizə qarşı qoyur, milli hər nə varsa, onu inkar etməyə çalışır. Təbii ki, bu, səhv yanaşmadır. Din heç zaman milli-adət ənənələrlə döyüşməz, ona zidd ola bilməz:
"İslam dini bir çox xalqlar tərəfindən ona görə rəğbətlə qəbul edilib ki, bu din onların mədəniyyətlərini sıradan çıxarmayıb, əksinə, onları təsdiq edib. Bir daha deyirəm, bəzi xürafat xarakterli ayinlər ola bilər ki, din onlara qarşı olsun, amma ümumilikdə İslam dini Novruz bayramını müsbət qəbul edir".
"Həzrəti Peyğəmbərimiz (s) bu bayrama qarşı çıxmayıb. Məsum imamlarımızdan da hədislər nəql olunur. Onlar da bu bayramı təsdiq ediblər. Onlar da bu bayramı qeyd edən insanların əleyhinə olmayıblar. Hətta bu hədislər olmasa belə, bilirik ki, İslam dini müsbət dəyərləri, onun mahiyyətinə zidd olmayan hər hansı şeyi təsdiq və qəbul edir. Yəni bu adət-ənənələr dinə, insanlığa, mənəviyyata ziddiyyət təşkil etmirsə, din onu rədd eləmir", - deyə mərhum din xadimi bildirmişdi.