BAKI, 21 mart — Sputnik. İran və Səudiyyə Ərəbistanının diplomatik əlaqələri bərpa etmək barədə razılığa gəldikləri danışıqlara ev sahibliyi edən Çin gizli məqsədinin olmadığını və Yaxın Şərqdə hər hansı "vakuumu" doldurmağa çalışmadığını bildirib.
İranla Səudiyyə Ərəbistanı arasında uzun illərdən sonra əlaqələrin yenidən qurulması və səfirliklərin açılması və bunu təmin edən razılığın Çin vasitəsilə əldə olunması böyük diplomatik qələbə olaraq görülür.
Bir çox təhlilçilər, haqlı olaraq, İran-Səudiyyə Ərəbistanı razılaşmasından əsas qazanc götürən tərəfin də elə Çin olduğunu bildirirlər.
İranda razılaşma ətrafında aparılan geniş təbliğat kampaniyasında da Çinin rolu xüsusi qabardılır və əldə olunan razılaşma ABŞ-ın məğlubiyyəti, onun regional güc balansından kənarlaşdırılması kimi təqdim olunur. Hətta "Fəraru" analitik portalı Çinin vasitəçiliyi ilə İran-Səudiyyə Ərəbistanı münasibətlərinin bərpasını "Pekinin Vaşinqtona vurduğu şillə" adlandırıb.
Sputnik Azərbaycan Çinin geosiyasi fəallığının arxasında duran məqamlar və bu ölkənin hədəfləri ilə bağlı Cənubi Koreyanın Hankuk Universitetinin professoru, politoloq Rövşən İbrahimovun və politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Professor Rövşən İbrahimovun fikrincə əslində Çinin rolu artmır, o, hər zaman regionda təsirli gücə malik olub:
Porfessor bildirir ki, Çinin iki müsəlman ölkəsinin münasibətlərini normallaşdırmağa nail olmasında mənfi məqamlar yoxdur:
"Dünyada hazırda kəskin fikir ayırılıqları mövcuddur. Artıq bu kəskinləşən geosiyasi şəraitdə ölkələr yeni siyasi qütblər axtarışındadır. Bu uzunmüddətli bir prosesdir. Çin isə vəziyyətdən istifadə edərək öz milli maraqlarını həyata keçirməyə çalışır".
Politoloq İlyas Hüseynov da qeyd edir ki, son illər Çin iqtisadi cəhətdən böyük uğurlar əldə edib və böyük investisiya yatırmaqla iqtisadi ekspansiya siyasətini yürüdür:
"Çin təkcə iqtisadi sahədə deyil, həmçinin müdafiə təhlükəsizlik sahəsində də imkanlarını genişləndirməkdədir. Baxmayaraq ki, Çin geniş hərbi kampaniyalar həyata keçirmir, ancaq Tayvan məsələsində Qərb dünyası qarşısında böyük qərarlılıq nümayiş etdirir. Biz artıq görürük ki, Çin diplomatiyası da uğur əldə etməkdədir. İran və Səudiyyə Ərəbistanı arasında barışığın əldə olunmasında rəsmi Pekinin addımları böyük maraq doğurur və rəğbətlə qarşılanır".
Səudiyyə Ərəbistanı və İran əlaqələri normallaşdırmaq üçün gözlənilməz razılaşma ilə bağlı israrlı olduqlarını sübut etmək üçün bir-birlərinə iki ay vaxt veriblər.
Səfirliklər bərpa edilməzdən əvvəl iki ölkə yeddi illik düşmənçiliyə son qoymağın yollarını müzakirə edəcəklər.
Barışıq İranın dünya səhnəsində getdikcə daha çox təcrid olunduğu və Səudiyyə Ərəbistanının xarici siyasət kursunu qarşıdurma əvəzinə diplomatiyanın xeyrinə dəyişməsi ilə baş verir.