BAKI, 19 mart - Sputnik. Rusiya Səhiyyə Nazirliyinin aeromobil xəstəxanası zəlzələdən zərərçəkənlərə yardım göstərmək üçün Türkiyəyə göndərilib. Bu barədə bazar günü Rusiyanın Ankaradakı səfirliyi məlumat yayıb.
"Rusiya Səhiyyə Nazirliyi zəlzələdən zərər çəkənlərə yardım göstərmək üçün Türkiyəyə aeromobil xəstəxana göndərib. Xəstəxana Hatay vilayətinin Ərzin rayonunda yerləşdiriləcək", - diplomatik missiyanın "Telegram" kanalında deyilir.
Fevralın 6-da baş verən zəlzələdən ən çox zərər çəkən Hatay vilayəti olub. Təbii fəlakətdən sonra ilk günlərdə Rusiya Fövqəladə Hallar Nazirliyi dağıntıları təmizləmək üçün Türkiyəyə həkim və xilasedicilər göndərib. Rusiyalı xilasedicilərdən ibarət qrup Kahramanmaraş əyalətində və ətraf rayonlarda işləyib.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4000-ə yaxın afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.