BAKI, 19 mart - Sputnik. Martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 16 il ötür. Prezident İlham Əliyevin 2007-ci il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Dövlət Miqrasiya Xidməti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə daim əhatə olunub və ölkəmizdə müasir tələblərə cavab verən Xidmət formalaşdırılıb.
Prezident İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlətimizin başçısı bu istiqamətdə mühüm addımlarından biri kimi 2006-cı ildə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.
Dövlət Proqramında miqrasiya idarəetmə sisteminin inkişafı, miqrasiya proseslərinin tənzimlənməsini, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin səmərəliliyinin təmini, miqrasiya müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması kimi önəmli məsələlər yer alıb.
Dövlət Miqrasiya Xidmətinin binası
© Photo : The State Migration Service of Azerbaijan Republic
Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxıb. Bunu nəzərə alan Prezident İlham Əliyev 2007-ci il martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalayıb. Miqrasiya sahəsində dövlət siyasətini, habelə miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən DMX-yə hüquq-mühafizə orqanı statusu verilib.
Dövlət Miqrasiya Xidmətinin strukturuna aparatla yanaşı, 8 regional miqrasiya idarəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin istifadəsi üçün Bakıda və Yevlaxda olmaqla 2 qanunsuz miqrantların saxlanılması mərkəzi, Təlim-tədris mərkəzi və tibb müəssisəsi daxildir.
Bundan başqa, Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən beynəlxalq hava limanlarında Dövlət Miqrasiya Xidmətinin bölmələri fəaliyyət göstərir.
2008-ci il dekabrın 1-dən Dövlət Miqrasiya Xidmətinin üç dildə fəaliyyət göstərən 919 - Çağrı Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyəti tamamilə yenidən qurulub, texniki imkanları genişləndirilməklə xidmətin keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılıb. Bundan başqa, 2018-ci ildə istifadəyə verilən MİGAZ mobil tətbiqi əcnəbi vətəndaşların olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, məhdudiyyətin və müraciət statusunun yoxlanması, son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, onlayn ödəmə və növbə, “ASAN Viza” və xidmətin digər istiqamətləri üzrə servis xidmətlərinə çıxış əldə etmək imkanı yaradır. Eyni zamanda, Dövlət Miqrasiya Xidməti tərəfindən bütün “ASAN xidmət” mərkəzlərində də müvafiq xidmətlər göstərilir.
***
Qeyd edək ki, ötən il ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 121 mindən çox müraciət daxil olub.
***
Otuz il ərzində ərazilərimizin işğalı nəticəsində ölkəmiz məcburi miqrasiyanın yaratdığı problemlərə şahid olub. Lakin 2020-ci ildə torpaqlarımız işğaldan azad olunduqdan sonra öz doğma yurd-yuvalarından didərgin düşən məcburi köçkünlərin vətənlərinə qayıtmaq hüquqları bərpa olunub. Bu da layiqli qayıdış və reinteqrasiya prosesləri ilə bağlı yeni çağırışlar yaradıb.
Bu il martın 1-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramına dəstək verə bilər. Təşkilatın dünyanın müxtəlif ölkələrində məcburi köçkünlərin və qaçqınların qayıtması üzrə çox geniş təcrübəyə malik olduğunu qeyd edən Antonio Vitorino deyib ki, bunu Azərbaycan tərəfi ilə bölüşməyə hazırdırlar. Qonaq ölkəmizdə BMqT-nin regional təlim mərkəzinin yaradılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu mərkəz həm Azərbaycanda, həm də region ölkələrində imkanların artırılmasına və peşəkar kadrların hazırlanmasına töhfə verəcək.
Prezident İlham Əliyev Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunu qəbul edib
Qeyd edək ki, Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının mükafatlandırılmasına hər zaman xüsusi diqqət yetirir. Azərbaycan Prezidentinin 16 mart tarixli sərəncamlarına əsasən, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarından bir nəfərə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri, digərinə isə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbələri verilməsi, 1 nəfərin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 10 nəfərin isə “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi dövlətimizin başçısının yüksək diqqət və qayğısının növbəti təzahürüdür.
(Azərtac-ın materialları əsasında)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.