ELM

Üzən günəş panelləri "dünya enerjisinin xilası" adlandırılıb

"Nature Sustainability": günəş panellərini suyun üzərinə yerləşdirmək və resurslara qənaət etmək təklif edilib.
Sputnik
BAKI, 18 mart — Sputnik. "Beynəlxalq alimlər qrupu su üzərində yerləşdirilən günəş panellərinin istifadəsini təsvir ediblər. Tədqiqat "Nature Sustainability" jurnalında dərc olunub.
Mütəxəssislərin fikrincə, günəş panelləri su hövzələrində yerləşdirilə bilər. Bununla da quru sahələrində, məsələn, binaların damlarında yerə qənaət etmək olar. Alimlər qeyd ediblər ki, suda olan panellər lazımi passiv soyutma alacaqları üçün günəş enerjisini daha səmərəli toplaya biləcəklər.
Materialda deyilir ki, suya quraşdırılan panellər dünya enerjisi üçün xilas yolu ola bilər. Mütəxəssislər hesablayıblar ki, yaxınlıqdakı su hövzələrinin, təxminən, 30 faizinin üzəri panellərlə tutularsa, bir çox dünya şəhərlərinin ehtiyacları ödənilə bilər. Alimlər onları 124 ölkənin 6256 şəhərinin çay və göllərində yerləşdirməyi təklif edərək, belə bir qərarı resursların qorunması maraqları baxımından haqlı adlandırıblar.
Həmçinin, sudakı panellər isti dövrdə nəmin buxarlanmasını azaltmaq üçün kifayət qədər günəş işığının qarşısını ala biləcəklər. Mütəxəssislər qeyd ediblər ki, məhz isti havada məişət soyutma cihazlarının işləməsi zərurəti ilə əlaqədar enerji sisteminin yükü artır. Müəlliflər vurğulayıblar ki, 50 min nəfərə qədər əhalisi olan şəhərlərin yaxınlığındakı su hövzələrində panellərin yerləşdirilməsi daha effektli olacaq.
Bir müddət əvvəl bərpa olunan enerji iqtisadiyyatı sahəsində müstəqil ekspert Tatyana Lanşina bildirmişdi ki, ən ucuz günəş enerjisini Uzaq Şərqin cənubunda və Şimali Qafqazda əldə etmək olar. Mütəxəssis vurğulayıb ki, Rusiyada günəş işığına məruz qalma səviyyəsi Böyük Britaniya və Almaniya ilə müqayisə olunan səviyyədədir.