CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günlərində insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq

DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimindəki xidmətlərini davam etdirəcək.
Sputnik
BAKI, 18 mart - Sputnik. Novruz bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimindəki xidmətlərini davam etdirəcək.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimindəki xidmətlərini davam etdirəcəklər.
Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qüvvə və imkanlar səfərbər ediləcək. Bayram ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi də ciddi nəzarətdə saxlanılacaqdır.