BAKI, 18 mart — Sputnik. Azərbaycan mobil internetin sürətinə görə 7 pillə irəliləyib. Belə ki, fevral ayında Azərbaycan mobil internetin sürətinə görə 137 ölkə arasında 37,42 MB/S sürətlə 57-ci yerdə qərarlaşıb.
Reytinqdə irəliləyiş “Speedtest Global Index”in hesabatında əksini tapıb.
Məlumata görə, Azərbaycan bu ilin yanvar ayına nisbətən 7 pillə irəliləyib. Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 117-ci yerdə qərarlaşıb. Burada da Azərbaycan 1 pillə irəliləyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 27,57 MB/S olub.
Bakı şəhərinə gəldikdə isə, paytaxt mobil internetin sürətinə görə 3 pillə irəliləyərək 39,42 MB/S sürətlə 171 şəhər arasında 74-cü yerdə qərarlaşıb. Paytaxt sabit genişzolaqlı internetin sürətinə görə 30,07 MB/S sürətlə 1 pillə irəliləyərək 135-ci yerdə qərarlaşıb.
Ölkədə mobil internetin ümumi vəziyyəti necədir?
İKT üzrə ekspert Fərid Kazımov Sputnik Azərbaycan-a açıqlamasında ölkədə mobil internetlə bağlı vəziyyəti şərh edib, bildirib ki, Azərbaycanda dəfələrlə mobil internetin trafiki artsa da, çoxluğun olduğu yerdə sürətin azalmasının şahidiyik: "Çünki müəyyən ərazilərdə hamı eyni zamanda internetə daxil olur. Nəticədə "Vişka" adlandırdığımız qurğuya təzyiq artır. Bu səbəbdən də şəbəkələrin daha da genişləndirilməsinə ehtiyac var".
"Amma etiraf edək ki, öncəki illərlə müqayisədə bu istiqamətdə iş aparılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2022-2023-cü illər üçün proqram qəbul edib. Bu proqramda müxtəlif regionların geniş zolaqlı internetlə təminatı məsələsi də yer alıb. Bu proses artıq başlayıb. Ümid edirik ki, cari ilin sonu, yaxud da gələn ilin əvvəlinədək regionlarda yaşayış məntəqələrində genişzolaqlı internet olacaq" - deyə o əlavə edib.
Həmsöhbətimiz bildirir ki, qlobal reytinqlərdə geri qalmağımızın əsas səbəbi regionlarda internetin zəif olmasıdır.
İKT üzrə digər ekspert Elvin Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “Speedtest Global Index”in nəyə əsasən ölkəmizi bu pillədə qərarlaşdırması bəlli deyil: "Maraqlıdır ki, hansı kriteriyalara əsasən Azərbaycan 7 pillə irəliləyib. Burda meyarlar çox ola bilər. Bir yerdə irəliləyib, yaxud da geriləməyimizin təkcə Azərbaycanla əlaqəsi olmaya bilər. Ola bilər ki başqa ölkələrin infrastrukturu sürətlənib, yaxud da zəifləyib".
Qeyd edək ki, mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 179,61 MB/S), sonuncu - 137-ci yeri isə Əfqanıstan (4,04 MB/S) tutub.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı araşdırma 180 ölkədə aparılıb. Birinci yeri Sinqapur (237,15 MB/S), sonuncu yeri isə Kuba (1,88 MB/S) tutub.