RUSİYA

Rusiya ilə enerji əlaqələrini kəsmək Avropa üçün fəlakətə çevrilib

Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti çatışmır.
Sputnik
BAKI, 17 mart — Sputnik. Rusiya ilə enerji əlaqələrinin kəsilməsi Avropa üçün fəlakətə çevrilib.
Bunu Fransanın "Patriotlar" partiyasının lideri Florian Filippo "RİA Novosti"yə müsahibəsində bildirib.
"Düşünürəm ki, Avropaya ən böyük təsir enerji münasibətlərinin pozulması olub. Bunun fəlakətli nəticələri oldu. Bu, xüsusilə Almaniyaya, eyni zamanda Fransaya da təsir etdi. Hazırda ABŞ-dan Rusiyadan daha bahalı olan mayeləşdirilmiş təbii qaz (MTQ) alırıq. Bu isə narahat etməyə bilməz", - deyən Filippo, Ukraynadakı xüsusi əməliyyatdan sonra Rusiya və Avropa arasındakı münasibətlərin pozulmasının nəticələrindən danışıb.
Onun sözlərinə görə, Fransada ticarət kəsiri rekord həddə çatıb: bir il ərzində o, iki dəfə artıb.
"Bundan başqa, güclü ekoloji təsir var, çünki biz Rusiya qazını boru kəməri ilə alırdıq. Amerika MTQ-ni isə tankerlərdə alırıq ki, bu da ekologiya və ətraf mühit üçün çox pisdir", - deyə siyasətçi bildirib.
İqtisadi nəticələrə gəlincə, Filippo xatırladıb ki, Avropa ölkələri Aİ-nin 2014-cü ildə ilk dəfə Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi zaman artıq bu mərhələni hiss ediblər: o zaman Rusiya gücləndi. Avropalıları isə, əksinə, bu məhdudiyyətlər zəiflətdi.
"Ona görə də biz artıq bilirdik ki, yeni sanksiyalar yenidən bizə qarşı yönələcək. Beləliklə, biz həm enerji, həm də iqtisadi baxımdan uduzduq. Enerji qiymətlərinin artması səbəbindən bir çox Avropa şirkəti ABŞ-a köçməyə başladı. Fransada bir çox çörək bişirilən müəssisələr, eləcə də digər kiçik müəssisələr elektrik enerjisinə görə o qədər pul ödəyə bilmədiklərindən bağlanmağa başlayıblar. Deməli, vəziyyət doğrudan da fəlakətlidir", - deyə agentliyin həmsöhbəti yekunlaşdırıb.
Xatırladaq ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar Qərb Rusiyaya sanksiya təzyiqlərini artırıb, bir çox Avropa şirkəti Rusiya bazarını tərk edib. Ötən ilin fevralından Avropa İttifaqı artıq Rusiyaya qarşı on sanksiya paketini qüvvəyə mindirib. Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bəyan edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərb üçün uzunmüddətli strategiyadır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti çatışmır. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması və Rusiya Federasiyasına deyil, Qərbə daha çox zərbə vurması barədə fikirlər dəfələrlə səsləndirilib.